Çində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübə mübadiləsi və yüksəkixtisaslı mütəxəssislər arasında əlaqələrin inkişafına həsr olunmuş “Peşəkarların Beynəlxalq Mübadiləsi üzrə 24-cü Konfrans” çərçivəsində silsilə tədbirlər keçirilib. Tədbirlərdə AMEA Gənclər Akademiyasının sədri, Bakı Mühəndislik Universitetinin dosenti, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev iştirak edib.
Bu barədə AZƏRTAC-a AMEA Gənclər Akademiyasından bildirilib.
Konfrans çərçivəsində “Bərpaolunan enerji texnologiyaları” mövzusunda seminarda dosent Elmir Babayev “Bioəsaslı platform kimyəvi maddələrdən dayanıqlı monomerlərə: γ-valerolakton və bioetanolun katalitik çevrilmələri” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə biokütlə əsaslı xammaldan əldə edilən kimyəvi birləşmələrin katalitik çevrilmə imkanları, xüsusilə γ-valerolakton və bioetanolun daha yüksək əlavə dəyərə malik kimyəvi məhsulların və dayanıqlı monomerlərin istehsalında potensialı təqdim olunub. Bu yanaşmaların neft-kimya xammalından asılılığın azaldılması, alternativ xammal mənbələrinin səmərəli istifadəsi və daha dayanıqlı kimya sənayesinin inkişafı baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Tədbir müxtəlif ölkələri təmsil edən alim və mütəxəssislər arasında elmi təcrübə mübadiləsi, aktual texnoloji problemlərin müzakirəsi və gələcək tədqiqat əməkdaşlıqlarının qurulması üçün beynəlxalq platforma rolunu oynayıb.