Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Kukla Teatrında Polşa Respublikasının Bakıdakı səfirliyinin teatrla birgə layihəsi olan “Polşanın kukla teatr sənəti” fotosərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilində məqsəd iki ölkənin kukla teatrı sənətçilərini tanış etmək, birgə yaradıcılıq əlaqələrinin yaranmasına zəmin yaratmaqdır.
Polşanın səfiri Rafal Poborskin sərginin təşkilinə görə tərəfdaş qurumlara təşəkkür edərək, belə tədbirlərin xalqlarımız arasında mədəniyyət, teatr, sənət sahəsində əməkdaşlığa töhfə verəcəyini söyləyib. "Hər iki ölkə arasındakı mədəni əlaqələr, teatr sənəti üzrə əməkdaşlıq gün keçdikcə daha da müsbət istiqamətdə irəliləyir. Polşa uzun və maraqlı kukla teatrı tarixinə malikdir. Burada ilk kukla tamaşalarının nümayiş tarixi XV əsrə gedib çıxır. Belə ki, həmin vaxtlar kukla ifaçıları küçələrdə və şəhər meydanlarında tamaşalar göstərərək bütün ölkəni gəzirdilər. Hazırda Polşanın demək olar ki, hər şəhərinin öz kukla teatrı var. Onların ən məşhurları Varşavada, Krakovda, Lodzda, Şetsində, Olştnda, Torunda, Belostokda, Vrotslavda, Opoledə, Slupskda, Lomzada və Lublində yerləşir. Özü də bu teatrların əksəriyyəti uşaq, kukla tamaşaları ilə kifayətlənmir, böyüklər üçün də çoxsaylı kukla tamaşaları hazırlayırlar", - deyə o əlavə edib.
Azərbaycanın mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov sərgi iştirakçılarını təbrik edərək, bu tədbiri Polşanın teatr, kukla sənəti ilə tanışlıq üçün əla fürsət kimi dəyərləndirib. O, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın vacibliyini, teatrın yaradıcılığın ən universal və təsirli növü kimi birləşdirici gücə malik olduğunu xüsusi vurğulayıb.
Beş gün davam edəcək sərgidə peşəkar fotoqraf Aydın Sadıxovun Polşanın ayrı-ayrı kukla teatrlarında çəkdiyi 20-dən artıq fotoşəkli sərgilənir.
Şəkillərdə göstərilən kuklaların hamısı yüksək bədii dəyərə malik olan əl işləridir.