Azərbaycan milli mətbəxinin və “Slow Food” təcrübəsinin təbliğatı məqsədilə Vyanada Avstriya Ticarət Palatası nəzdində fəaliyyət göstərən MODUL-Turizm məktəbində turizm xidməti sahəsində təhsil alan tələbələr üçün Azərbaycan mətbəx nümunələrinin, o cümlədən plov çeşidlərinin hazırlanması mövzusunda ustad dərsi keçirilib.
AZƏRTAC xəbər verir ki, ustad dərsi Azərbaycanın Avstriyadakı səfirliyinin Azərbaycan Turizm Bürosu ilə birlikdə əməkdaşlığı nəticəsində baş tutub.
Ustad dərsi çərçivəsində peşəkar aşpazlar Ruslan Əlizadə və Rasim Nəcəfov Azərbaycan mətbəxinin şah əsəri olan dörd növ plovun hazırlanması prosesi barədə təqdimat keçirib. Turizm məktəbinin tələbələri azərbaycanlı aşpazların dəstəyi ilə Azərbaycan milli xörəklərini bişiriblər.
Layihənin məqsədi Azərbaycan milli mətbəxinin tanıdılması və eyni zamanda gələcək kulinariya mütəxəssislərinə bu yeməklərin hazırlanması qaydasını öyrənərək öz peşə fəaliyyətləri zamanı hazırlaya bilmələrinə dəstək göstərməkdən ibarətdir.