Professor: Ortaq Türk Əlifbasına keçid edildikdə Azərbaycan əlifbasında heç nə dəyişməyəcək

Sentyabrın 9-11-də Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasında Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub. Maraqlıdır, Ortaq Türk Əlifbasından necə istifadə olunacaq? Bu əlifbanın Türk dünyasına hansı faydaları var?

Mövzu ilə bağlı AZƏRTAC-ın suallarını cavablandıran Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev bildirib ki, 2022-ci ilin sentyabrında Bursada keçirilən konfransda Türk Dövlətləri Təşkilatı Türk Dünyası Ortaq Əlifbası Komissiyasının yaradılmasına qərar verilib. Onun sözlərinə görə, qərara əsasən, komissiyanın işinin təşkili Beynəlxalq Türk Akademiyasına tapşırılıb: “2023-cü ilin əvvəlində Beynəlxalq Türk Akademiyasında bu mövzunu müzakirə etdik. Türk Dünyası Ortaq Əlifbası Komissiyasının birinci iclası ötən il Qazaxıstanın paytaxtı Astanada baş tutdu. Mayın 6-da və sentyabrın 9-11-də isə komissiyanın ikinci və üçüncü iclasları Bakıda keçirildi. Türk Dünyası Ortaq Əlifbası Komissiyası bir neçə türkdilli ölkələrin nümayəndələrindən ibarətdir. Hər bir Türkdilli dövlət 2 nümayəndəsini komissiyaya üzv kimi təqdim edib. Bu, rəsmi dövlətlərarası komissiyadır. Beynəlxalq Türk Akademiyası bu komissiyanın katibliyi vəzifəsini yerinə yetirir. Komissiyanın əsas vəzifəsi Ortaq Türk Əlifbasının yaradılması idi. 1990-cı ildə İstanbulda Ortaq Türk Əlifbası Simpoziumunda Türk dünyasının tanınmış dilçi alimləri 34 hərfdən ibarət bir layihə hazırlamışdılar. Bu layihədə bütün Türk dillərinə məxsus səsləri əks etdirən hərflər var. Komissiya əlifba layihəsini əsas kimi götürdü və onun üzərində işlər getdi. Birinci layihədə bir neçə dəyişiklik edildi. Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasında əlifbanın son variantı təsdiq olundu. Artıq təsdiq olunmuş layihə Türk Dövlətləri Təşkilatı vasitəsilə üzv dövlətlərə, xarici işlər nazirliklərinə, əlaqədar qurumlara göndərilib”.

Gallery