Sentyabrın 30-da ABŞ-nin Azərbaycandakı səfirinin iqamətgahında "Səfirliklərdə İncəsənət" (Art in Embassies, AIE) adlı sərgi keçirilib.
Trend xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri və ABŞ səfirliyinin nümayəndələri iştirak ediblər.
Sərgi zamanı ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və xanımı Danuşiya Libbi Amerika incəsənətinin əsərlərindən ibarət kolleksiyanı təqdim ediblər.
“Bu Amerika incəsənətinin sərgisi mənə və həyat yoldaşıma vətənimizi xatırladır. Azərbaycanda etdiyimiz səyahətlər zamanı biz bu xalqın qonaqpərvərliyinə və ölkənin təbiət gözəlliklərinə heyran qaldıq. Məsafə nə qədər böyük olsa da, Azərbaycan və ABŞ-nin 6 şimal-şərq əyalətini əhatə edən mənim doğma bölgəm olan Yeni İngiltərə arasında mənzərələr baxımından inanılmaz oxşarlıqlar var", - səfir bildirib.
O qeyd edib ki, Keyt Henlonun "Marblehead" əsəri ona əziz Massaçusetsi və bir gün sahil boyu Yeni İngiltərəyə qayıtmaq arzusunu xatırladır.
Səfir Maykl Qreyvsin "Acadia", "Boston Study"; Kristian Korselin "Not only Circles"; Keyt Henlonun "Down the garden"; Skay Houtun "Lotus Chair"; Stiv İmriçin "Landable fields" və digər əsərlərini təqdim edib.
Səfir tədbir iştirakçılarına müraciət edərək, "Səfirliklərdə İncəsənət" proqramının artıq 60 ildən çoxdur ki, mədəni diplomatiyanın inkişafında mühüm rol oynadığını vurğulayıb.
“Bu gün Azərbaycanın parlaq mədəni icmasının belə hörmətli üzvlərini qarşılamaq mənim və xanımım Danuşiya üçün böyük şərəfdir. Bu proqram ABŞ-nin yaradıcılıq və müxtəlifliyini vurğulayır, incəsənətin universal dili vasitəsilə dialoq və əlaqələr üçün imkanlar yaradır. Buradakı bütün Amerika incəsənəti kolleksiyamızı sizinlə paylaşmaqdan çox məmnunam. Ümid edirik ki, bu əsərlər mədəniyyətlərimiz arasında mübadilənin dərinləşdirilməsi üçün körpü rolunu oynayacaq”, - o qeyd edib.
Tədbir zamanı səfir, həmçinin, səfirliyin yeni mədəni əlaqələr üzrə əməkdaşı Rendi Koulu tanış edib və “Azerbaijan Arts Council”in direktoru Dadaş Məmmədova sərgi üçün Azərbaycanın incəsənət əsərlərinin təqdim olunmasına görə təşəkkür edib.
1963-cü ildə ABŞ Dövlət Departamentinin səfirliklərdə incəsənət ofisi yaradılıb və ölkənin geniş mədəni missiyasını yerinə yetirərək müvəqqəti və daimi sərgilər, rəssamlar üçün proqramlar və nəşrlər təşkil etməklə ictimai diplomatiyada mühüm rol oynayır. Müasir İncəsənət Muzeyi bu qlobal vizual incəsənət proqramını on il əvvəl planlaşdırıb. 1960-cı illərin əvvəllərində prezident Con F. Kennedi ona rəsmi status verərək proqramın ilk direktorunu təyin edib.
Hazırda 200-dən çox məkana malik “AIE” dünyanın bütün ABŞ səfirlikləri, konsulluqları və nümayəndəlikləri üçün müvəqqəti və daimi sərgiləri tərtib edir və sifariş verir, ABŞ və ev sahibi ölkələrdən olan müasir incəsənət əsərlərini seçir. Bu sərgilər beynəlxalq auditoriyaya hər 2 ölkənin incəsənət və mədəniyyətinin keyfiyyəti, miqyası və müxtəlifliyi haqqında təsəvvür yaradır və AIE-nin daha çox ölkədə təmsil olunmasını təmin edir.