Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir.
AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, bu il Beynəlxalq Müəllimlər Günü “Müəllimlərin səslərinin qiymətləndirilməsi: təhsil sahəsində yeni ictimai razılaşmaya doğru” mövzusuna həsr olunub.
Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb. Təsadüfi deyil ki, ötən il Azərbaycan müəllimlərinin XVI qurultayı Ümummilli Liderin 100 illik yubileyinə həsr edilib. Xatırladaq ki, qurultay iştirakçılarına Prezident İlham Əliyevin təbrik məktubunda müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığı qeyd olunub.
Azərbaycanda təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər müəllim nüfuzunu daha da yüksəldib.
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Ölkəmizdə təhsil müəssisələrinin yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli yetişməsinə hesablanıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi və təmiri davam edir.
Respublikamızın digər regionlarında da məktəb tikintisi və təmiri həyata keçirilir. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.