bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu üzrə biznes rəhbərliyinə iki yeni təyinat olub.
Trend xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, Çingiz Hacıyev 2025-ci ilin yanvar ayından bp-nin Xəzər bölgəsində biznesin inkişafı üzrə vitse-prezidenti vəzifəsinə təyin edilir.
Yeni vəzifəsində Ç.Hacıyev bp-nin qlobal neft və qaz biznesinin inkişafı üzrə rəhbər heyətinin üzvü olacaq və neft və qaz biznesinin inkişafı bölümünün rəhbəri, vitse-prezident Əndi MakOslanın rəhbərliyi altında çalışacaq. O, Bakı ofisində fəaliyyət göstərərək əsas diqqətini bp-nin AGT regionundakı biznes işlərinə yönəldəcək və AGT rəhbərliyində biznesin inkişafı üzrə bp-nin qlobal komandasını təmsil edəcək.
Hazırda Ç.Hacıyev Rumeyla Əməliyyat Təşkilatının baş maliyyə direktoru vəzifəsində bp-nin İraqdakı Birgə Müəssisə Korporasiyasında (BECL) çalışır.
O, bp-də fəaliyyətinə 1998-ci ildə başlayıb və Azəri-Çıraq-Günəşli üzrə biznesin inkişafı meneceri, AGT-də yeni imkanlar üzrə biznesin inkişafı meneceri və Şahdəniz sahəsinin planlaşdırma və kommersiya meneceri vəzifələri də daxil olmaqla, bir sıra kommersiya və maliyyə vəzifələrində çalışıb.
Onun Vorvik Universitetindən magistr və Azərbaycan Dövlət İqtisad Universitetindən bakalavr dərəcələri var.
Ailəlidir, iki övladı var.