Türkiyənin şərqindəki İqdır vilayətində Azərbaycanın investisiya imkanları mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin təşəbbüsü, İqdır valisi administrasiyasının dəstəyi ilə baş tutub.
Müzakirələrdə Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, ölkəmizin Qarsdakı baş konsulu Zamin Əliyev, İqdır valisi Ercan Turan, qardaş ölkənin şərqində fəaliyyət göstərən onlarla iri şirkətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların, eləcə də Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad ediblər.
Sonra Azərbaycanın investisiya imkanlarına dair təqdimatlar olub.
Azərbaycanın Ticarət Nümayəndəliyinin nümayəndələri xarici investorlar üçün yeni imkanlar açan uğurlu iqtisadi islahatlardan danışıb, türkiyəli investorları maraqlandıran sualları cavablandırıblar.
Azərbaycanda biznesə dövlət dəstəyi və vergiqoyma sisteminə xüsusi diqqət yetirilib.
Azərbaycanın Qarsdakı baş konsulu Z.Əliyev qardaş ölkələr arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
“Azərbaycan və Türkiyənin regionları arasında iqtisadi əlaqələrin inkişafı ölkələrimiz arasında ticarət münasibətlərinin prioritet istiqamətlərindən birinə çevrilməlidir. Türkiyənin ayrı-ayrı vilayətləri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları arasında əlaqələrin qurulması vacibdir. Bu baxımdan qardaş ölkələrdən olan sahibkarların qarşılıqlı səfərlərinin təşkilini vacib hesab edirəm”, - deyə diplomat bildirib.
İqdır valisi E.Turan yüzlərlə türk şirkətinin Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyətindən danışıb. Onun sözlərinə görə, Türkiyədə qardaş ölkə ilə ticarət əlaqələrinin inkişafının vacibliyi yaxşı dərk edilir.
O, Zəngəzur dəhlizinin açılışını xüsusilə vacib adlandırıb, yeni marşrutun Orta Nəqliyyat Dəhlizinə güclü təkan, o cümlədən Türkiyənin şərq vilayətlərinin inkişafı üçün stimul olacağına əminliyini ifadə edib.