ARDNF-nin aktivləri 60 milyard dolları ötüb

2024-cü il dekabr ayının 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2024-cü ilin əvvəlinə (56 069,7 milyon ABŞ dolları) nisbətən 7,1% artaraq 60 031,4 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend-ə Fonddan bildirilib,

Məlumata görə, 2024-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 18 039,0 milyon manat, büdcə xərcləri isə 12 896,4 milyon manat təşkil edib.

Bildirilib ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 243,7 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 11 461,4 milyon manat, bonus ödənişləri 778,2 milyon manat, tranzit gəlirləri 0,5 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil edib.

Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 5 795,3 milyon manat təşkil etməklə investisiya portfeli üzrə gəlirlilik 6,0% olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 12 781,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. 2024-cü ilin yanvar-dekabr aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 34,0 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 47,3 milyon manat yönəldilib.