Azərbaycanda 2025-ci ildə istehsal olunacaq Avro-5 benzininin həcmi məlum olub (ÖZƏL)

Bu il Heydər Əliyev adına Neft Emalı Zavodunda Avro-5 standartına uyğun 1,7 milyon ton avtomobil benzininin istehsalı proqnozlaşdırılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.

“Heydər Əliyev adına Neft Emalı Zavodunda 2024-cü ildə 1,4 milyon ton avtomobil benzini istehsal edilib ki, bunun 0,6 milyon tonunu Avro-5 standartına uyğun istehsal təşkil edib. Zavodun planlı əsaslı təmiri dövründə ölkədaxili tələbat idxal hesabına təmin olunub”,- deyə şirkətdən bildiriblər.

 

Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodu benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu, mazut və digər neft məhsulları istehsal edərək daxili bazarın tələbatının əsas hissəsini ödəyir. Zavodun istehsal etdiyi məhsulun 45%-i xarici bazarlara satılır.

Daxili və xarici bazarın artan tələbatı ilə əlaqədar NEZ-in istehsal gücünün artırılması, bazarın “AVRO-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin xammala olan tələbatının ödənilməsi, eləcə də neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədilə zavodun yenidən qurulması və modernizasiyası layihəsi həyata keçirilir. Layihənin həyata keçirilməsi başa çatdıqdan sonra NEZ-in illik emal gücü 6 milyon tondan 7,5 milyona tona, əsas qurğulardan olan katalitik krekinq qurğusunun istehsal gücü isə ildə 2 milyon tondan 2,5 milyon tona qədər artırılacaq.