Anglo Asian Mining Azərbaycanda mis istehsalını əhəmiyyətli dərəcədə artıracaq

Anglo Asian Mining plc şirkəti Azərbaycanda mis istehsalını əhəmiyyətli dərəcədə artıracaq. Trend xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Rza Vəziri bildirib.

"2025-ci il üçün istehsal proqnozumuzu təqdim etməkdən məmnunluq duyuram: 28 000 - 33 000 unsiya qızıl və 6 500 - 6 800 ton mis. Mis şirkətin ümumi istehsal portfelində getdikcə daha mühüm yer tutur. 2025-ci ildə istehsalımız 2024-cü illə müqayisədə əhəmiyyətli dərəcədə artacaq. Qeyd edim ki, 2024-cü ildə istehsal fəaliyyətimiz qismən dayandırıldığı üçün nəticələrimizə təsir etmişdi", – deyə o vurğulayıb.

2024-cü ildə şirkət 15 073 unsiya qızıl və 377 ton mis hasil edib.

Bildirilir ki, 2025-ci il Anglo Asian üçün dönüş nöqtəsi olacaq, çünki şirkət yeni Gilar mədəninin açılması ilə mis istehsalını artırmağa başlayacaq. Gözlənilir ki, 2025-ci ildə mis hasilatı rekord səviyyəyə çatacaq.

Yeni yeraltı Gilar mədənində hasilata 2025-ci ilin birinci rübündə start veriləcək. İl ərzində 1,8% mis və ton başına 1,47 qram qızıl ehtiva edən təxminən 400 000 ton filiz hasil olunması planlaşdırılır.

"2025-ci il şirkət üçün əlamətdar olacaq, çünki biz istehsal portfelimizdə misin payını artırmağa başlayırıq və növbəti illərdə daha iri miqyaslı "Qaradağ" və "Xarxar" mis yataqlarının istismara verilməsinə hazırlıq görürük", – deyə Vəziri qeyd edib.

Qeyd edək ki, Anglo Asian Mining plc Azərbaycanda yüksək keyfiyyətli hasilat və kəşfiyyat aktivlərinə malik olan qızıl, mis və gümüş istehsalçısıdır. Şirkət 2024-cü ildə 16 760 unsiya qızılı qızıl ekvivalentində (GEO) istehsal edib. 2024-cü ildə istehsal ekoloji səbəblərdən qismən dayandırılmışdı, lakin ilin sonuna qədər tam bərpa olunub.