“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bir sıra ağacəkmə layihələri, tullantıların təmizlənməsi, idarə edilməsi, yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı aksiyalar və tədbirlər həyata keçirilib. Regionda aparılan genişmiqyaslı bərpa işləri nəticəsində əmələ gələn antropogen təsirlərin minimuma endirilməsi və aradan qaldırılması məqsədilə xüsusi nümayəndəlik də təbii landşaftın qorunması üçün bir sıra işlər görüb. Belə ki, 2021-ci ildən başlayaraq Qubadlı rayonunda 20, Zəngilan rayonunda 25, Cəbrayıl rayonunda isə 14 istismar olunmuş qum-çınqıl yataqlarında torpağın istismardan əvvəlki vəziyyətinə qaytarılması üçün bərpa işləri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında deyib.
O bildirib ki, həmçinin Zəngilan və Qubadlı rayonları ərazisində gələcəkdə məşğulluğun təmin edilməsi üçün Həkəri çayı hövzəsində kiçik balıqçılıq təsərrüfatlarının yaradılması ilə bağlı layihənin icrasına başlanılıb: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə araşdırmalar aparılıb, ərazilərə baxış keçirilib, yerlər müəyyənləşdirilib. Həmin yerlərdən birində işlərə başlanılıb. Bu, kiçik ailə təsərrüfatlarının yaradılmasına bir töhfə olacaq”.