Ötən iki il ərzində Naxçıvanda 3200-ə yaxın onlayn nəzarət-kassa aparatı, 2.200 dən çox POS-terminal quraşdırılıb. 2024-cü ildə nağdsız əməliyyatlar üzrə dövriyyə 66,2% artaraq 1 mlrd. manatdan çox, o cümlədən POS-terminallar üzrə dövriyyə 38,8% artaraq 112 milyon manat olub.

2024-cü il ərzində istehlakçılara “ƏDV geri al” layihəsi çərçivəsində 1,4 milyon manat vəsait qaytarılıb ki, bu da 2023-cü ilə nisbətən 68% çoxdur.
Görülən işlər nəticəsində sosial daxilolmalarda da mühüm irəliləyişlər əldə edilib. Məcburi dövlət sosial sığorta daxilolmaları 9,7% artaraq 162 milyon manat, qeyri-dövlət sektoru üzrə daxilolmalar 15,8% artaraq 25,4 milyon manat, işsizlikdən sığorta fonduna daxilolmalar 11,4% artaraq 4,4 milyon manat, icbari tibbi sığorta daxilolmaları 18,9% artaraq 28,9 milyon manat təşkil edib.

Bildirilib ki, ölkənin əmək bazarında şəffaflaşmanın artım və inkişafa önəmli təsirləri var. Muxtar respublikada əmək bazarının ağardılması məqsədilə reallaşdırılan tədbirlər nəticəsində qeyri-dövlət sektoru üzrə aktiv əmək müqavilələrinin sayı 3,6 dəfə artaraq 11 038 olub.

"Aparılan islahatlar nəticəsində dövlət əmlakının idarə edilməsi və özəlləşdirmə proqramlarının reallaşdırılması prosesi optimallaşdırılıb. Bunun nəticəsidir ki, muxtar respublikada dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 23,5%, dövlət əmlakının icarəsindən daxilolmalar 87,6%, hərraclarda kiçik dövlət müəssisələrinin və qeyri-yaşayış sahələrinin satışından daxilolmalar 13 dəfə artıb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göstərilən bütün növ elektron xidmətlərin muxtar respublikada tətbiqinə başlanılıb. 2024-cü il ərzində elektron xidmətlərdən daxil olmuş müraciətlərin sayı 2023-cü illə müqayisdə 4,8 dəfə artaraq 6 500-ə çatıb.
Sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi, biznes nümayəndələrinin idarəetmə bacarıqlarının artırılması, güzəştli kreditlərin verilməsi istiqamətində tədbirlər davam etdirilir. Ötən il muxtar respublikada Sahibkarlığın İnkişafı Fondu üzrə problemli kreditlərin məbləği 3,1 dəfə azalıb.
Qeyd edilən göstəricilər ötən il ərzində Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi sahədə irəliləyişləri və davamlı inkişaf meyillərini, əlverişli biznes mühitini, vergi sisteminin effektivliyini əks etdirir", - deyə məlumatda qeyd olunub.


