Azərbaycan Qərbi bərpa olunan enerji ilə təmin etmək potensialına sahibdir - Cin Baderşnayder

Azərbaycan bərpa olunan enerji mənbəyinə, eləcə də logistik mərkəzə çevrilməklə Qərbi bərpa olunan enerji ilə də təmin edə bilər.

Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında "ExxonMobil"in keçmiş vitse-prezidenti, İnsan Alverinə və Miqrantların Qaçaqmalçılığına Qarşı Qlobal Fəaliyyətin rəhbəri Cin Baderşnayder (Jean Baderschneider) deyib.

O, Azərbaycanın dünyada çox strateji bir mövqedə yerləşdiyini, böyük neft və qaz ehtiyatlarına malik olduğunu bildirib: "Azərbaycan həm də böyük potensiala və bərpa olunan enerji mənbələrinə malikdir. Bərpa olunan enerji uzunmüddətli perspektivdə daha əlçatan olacaq. Beləliklə, Azərbaycan bərpa olunan enerji mənbəyinə, eləcə də logistik mərkəzə çevrilməklə Qərbi bərpa olunan enerji ilə də təmin edə bilər".

 

O, forumdan gözləntilərini və danışıqlar prosesində Bakının rolunu qeyd edib: "Bu forumda əməkdaşlıq və çoxtərəflilik kimi vacib məsələlərdə çox müxtəlif fikirləri bir araya gətiririk. Dünyada dəyişikliklər gedir və bu forumda da dəyişən dünya nizamı ilə bağlı danışıqlar keçirilir. Mən bir neçə ildir ki, Qlobal Bakı Forumuna qatılıram və onu bu qədər dəyərləndirməyimin səbəbi fikir müxtəlifliyidir."

Bundan başqa, C. Baderşnayder qeyd edib ki, Bakının ev sahibliyi etdiyi COP29-da cəsarətli öhdəliklər götürüldü.

"Bunun davamı olaraq bu gün də Qlobal Bakı Forumunda ciddi, azad və açıq müzakirələrin aparıldığının şahidiyik. Nəticədə dünyaya baxışlar dəyişir və buna görə də bu forum olduqca böyük əhəmiyyət kəsb edir", - deyə o vurğulayıb.