Özbəkistanın regional startap-ekosisteminin inkişafı üzrə aparıcı platforması olan “Startup Garage”, Azərbaycanı trans-sərhəd əməkdaşlığı və genişlənmə üçün əsas tərəfdaş kimi nəzərdən keçirir.
Bunu Trend-ə özəl müshibəsində “Startup Garage” platformasının təsisçisi Məhəmməd Xəlil açıqlayıb.
“Azərbaycan və Qafqaz regionu “Startup Garage” üçün strateji əhəmiyyət kəsb edən istiqamətlərdir. Bu bazar bir çox cəhətdən Özəkistanla oxşardır: gənc sahibkarlar, investorların artan marağı və innovasiyaların dəstəklənməsi üçün dövlət proqramları mövcuddur. Biz artıq trans-sərhəd akselerasiya proqramlarının yaradılması və vençur fondları ilə əməkdaşlıq barədə ilkin danışıqlar aparırıq ki, bu da regional startap mühitini daha da gücləndirəcək,”- deyə o vurğulayıb.
Onun sözlərinə görə, şirkət Mərkəzi Asiya, Yaxın Şərq və Qafqaz regionları arasında startapların trans-sərhəd inkişafını, investisiyaları və texnoloji əməkdaşlığı dəstəkləməyi hədəfləyir. Stenford Universitetinin məşhur “Startup Garage” proqramından ilhamlanan platforma, sahibkarlara innovativ ideyaları uğurlu və genişlənə bilən bizneslərə çevirmək üçün resurslar təqdim etmək məqsədi ilə yaradılıb.
"Özbəkistanın startap ekosistemi sürətli templərlə inkişaf edir və hər il 20 faizdən çox artım nümayiş etdirir. Daha böyük bazarlara çıxış əvvəllər məhdud olsa da, 2024-cü il bu sahədə əhəmiyyətli bir mərhələ oldu. Ölkə qlobal reytinqdə 88 pillə irəliləyərək 110-cu yerə yüksəlib və Efiopiya kimi ölkələri geridə qoyub. Özbəkistanın 37 milyonluq əhalisi, illik 2 faizlik artım, orta yaşı 29 olan gənc və texnoloji cəhətdən məlumatlı cəmiyyət, demək olar ki, 100 faiz savadlılıq kimi demoqrafik üstünlükləri startap ekosisteminin inkişafına əlverişli şərait yaradır," - deyə Məhəmməd Xəlil qeyd edib.
O, həmçinin Özbəkistan hökumətinin startapları hərtərəfli dəstəklədiyini vurğulayıb. Bu dəstəyə beynəlxalq akseleratorlarda iştirak üçün təşviqlər və startap təsisçiləri üçün əlverişli kredit şərtləri daxildir. Ölkənin ən perspektivli texnoloji layihələrini mükafatlandırmaq məqsədilə yaradılmış Prezident Texnologiya Mükafatı da innovasiyaların inkişafında mühüm addım olub. 2024-cü ilin dekabrında keçirilən müsabiqənin ikinci mərhələsi 550-dən çox startapı cəlb edib və qaliblər ümumilikdə 1 milyon ABŞ dolları məbləğində mükafatlar qazanıblar.
"Özbəkistanın startap ekosistemi əsasən fintex, təhsil texnologiyaları (edtech), e-ticarət, süni intellekt və avtomatlaşdırma, tibbi texnologiyalar (healthtech), proptech (daşınmaz əmlak texnologiyaları) və bərpa olunan enerji sektorlarına yönəlib. Bu sahələrdə ən müxtəlif innovativ layihələr meydana çıxır. Fintex sahəsində rəqəmsal ödənişlər, 'Buy Now, Pay Later' (BNPL) həlləri, neobanklar və kiçik və orta biznes üçün maliyyə məhsulları sürətlə inkişaf edir. Edtech sahəsində isə süni intellekt əsasında fərdi təhsil, onlayn platformalar və hibrid təhsil modelləri populyarlıq qazanır," - deyə platformanın təsisçisi əlavə edib.
O əlavə edib ki, e-ticarət və marketpleys sektoru B2B və D2C modelləri, süni intellekt əsaslı məhsul tövsiyələri və sosial ticarət hesabına inkişaf edir. Öz növbəsində, süni intellekt və avtomatlaşdırma biznes üçün SaaS-həllərdə , proseslərin avtomatlaşdırılmasındavə generativ süni intellektdə tətbiq olunur. Healthtech sahəsində əsas innovasiyalar tele-tibb, süni intellekt əsaslı diaqnostika həlləri və klinikalar üçün SaaS platformalarına yönəlib. Bərpa olunan enerji sektorunda isə diqqət ağıllı enerji şəbəkələri, enerji səmərəliliyi sahəsində yeniliklər və karbon kreditlərinin izlənməsinə yönəlib.