Azərbaycandan Çinə pul köçürmələri 44%-dən çox artıb

Ötən il Azərbaycandan Çinə fiziki şəxslərin pul köçürmələrinin həcmi 11,8 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 3,6 milyon ABŞ dolları və ya 44,3% artıb.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Çinin payı 2,2% təşkil edib.

 

Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan Çinə fiziki şəxslərin pul köçürmələrinin həcmi 8,2 milyon ABŞ dolları idi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.