Türkiyədən idxal olunan gilas tinglərində uyğunsuzluq aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində Türkiyədən idxal olunan gilas tinglərindən nümunələr götürərək müayinə ediblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aparılan müayinələr nəticəsində çəyirdəklilərin bakterial ləkəliyi xəstəliyi aşkarlanıb.

Fitosanitar karantin tələblərinə cavab verməyən həmin yük partiyası ilə bağlı qanunvericiliyə uyğun qərar qəbul olunaraq 17 min 800 gilas tingi məhv edilib.

Qeyd edək ki, çəyirdəklilərin bakterial ləkəliyi patogen bağçılıq təsərrüfatlarına ciddi zərər vurmaqla, məhsuldarlığın və keyfiyyət göstəricilərinin azalmasına səbəb olur.