Azərbaycandan Polşa, Belçika və İsrailə yumurta ixracı ilə bağlı qarşı tərəflərlə danışıqlar aparılır. Yaxın gələcəkdə Azərbaycandan bu ölkələrə də yumurta ixrac olunacaq.
Bu sözləri Trend-ə açıqlamasında “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli deyib.
O bildirib ki, Azərbaycanda kifayət qədər artıq yumurta istehsal olunur və hazırda ölkə əhalisinin yumurtaya tələbatı gündəlik 4 milyon ədəd civarındadır:
“Gündəlik yumurta istehsalımız isə 6 milyon ədədə yaxınlaşır. Ona görə də yumurtalarımız Yaxın Şərq ölkələrinə, Amerika Birləşmiş Ştatlarına (ABŞ) ixrac olunur. Artıq ilk 10 konteyner yumurta Novruz bayramından öncə ABŞ-yə yola salındı. Ümumilikdə, sözügedən ölkəyə 25 konteyner yumurta ixrac etmişik.
Hazırda Polşa ilə danışıqlar aparılır. Həmçinin, Avropa ölkələrindən Belçikaya da yumurta ixracı ilə bağlı sənədləşmə işləri həyata keçirilir. Eyni zamanda, İsraillə də yumurta ixracı ilə bağlı sənədləşmə işləri aparırıq. Yəqin ki, yaxın gələcəkdə biz bu ölkələrə də yumurta ixrac edəcəyik”.