Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duartenin AZƏRTAC-a müsahibəsini təqdim edirik.
- IFC yaxın illərdə Azərbaycanla yeni əməkdaşlıq strategiyası planlaşdırırmı? Onun əsas qısamüddətli və ortamüddətli prioritetləri hansılardır?
- IFC Dünya Bankı Qrupunun üzvü kimi qarşıdakı illərdə Azərbaycanla əməkdaşlığını gücləndirməyi və ölkənin əsas iqtisadi sektorlarına investisiya yatırmağı planlaşdırır. Qısamüddətli və ortamüddətli prioritetlər rəqabətqabiliyyətli, inklüziv və ekoloji cəhətdən dayanıqlı iqtisadiyyatın inkişafına yönəlib. Dünya Bankı Qrupunun Direktorlar Şurası tərəfindən təsdiqlənmiş Ölkə Tərəfdaşlıq Çərçivəsində IFC özəl sektorun inkişafını dəstəkləyəcək, infrastrukturun modernləşdirilməsinə, enerji əlçatanlığının genişləndirilməsinə və dayanıqlılığın artırılmasına investisiya yatıracaq. Xüsusilə yaşıl maliyyələşdirmə, enerji səmərəli binaların tikintisi, kiçik və orta biznesin, o cümlədən qadın sahibkarların dəstəklənməsi əsas diqqət mərkəzində olacaq.
Bundan əlavə, IFC kənd təsərrüfatı, su təchizatı, nəqliyyat və rəqəmsal əlaqə sahələrində özəl sektorun inkişafına töhfə verməyi hədəfləyir ki, bu da yeni iş yerlərinin yaradılmasına və ölkə iqtisadiyyatının dayanıqlığının artırılmasına imkan yaradacaq.
- IFC-nin Azərbaycanın bərpaolunan enerji sektorunun inkişafı ilə bağlı mövqeyi nədir? IFC bu sahənin inkişafını necə dəstəkləyir?
- IFC Azərbaycanın iqtisadi diversifikasiyası və dayanıqlılığı üçün bərpaolunan enerjinin inkişafını əsas faktor kimi görür. Dünya Bankının Azərbaycan üzrə İqlim və İnkişaf Hesabatına görə, bu hədəflərə çatmaq üçün 2060-cı ilə qədər 44 milyard dollarlıq investisiya tələb olunur. IFC bu sektoru böyük bərpaolunan enerji potensialını nəzərə alaraq, o cümlədən 23 giqavat günəş enerjisi və 157 giqavat dəniz külək enerjisi potensialını inkişaf etdirməklə, dəstəkləməyi hədəfləyir.
Bundan əlavə, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi kimi genişmiqyaslı regional ötürücü infrastrukturun inkişafı Azərbaycanın bu resurslardan maksimum istifadə etməsinə və qlobal yaşıl enerji ixracatçısı kimi mövqeyini gücləndirməsinə imkan yarada bilər.
- IFC Azərbaycanda kiçik və orta biznesə (KOB) dəstəyini necə artırmağı planlaşdırır?
- IFC Azərbaycanda KOB-ları dəstəkləməyə “Bank Respublika” kimi tərəfdaş banklar vasitəsilə maliyyə resursları ayıraraq davam edir. Biz bu yanaşmanı həm mövcud, həm də yeni tərəfdaşlarımız vasitəsilə genişləndirməyi planlaşdırırıq.
Bundan əlavə, IFC maliyyə institutlarına məsləhətçi dəstək göstərərək onların davamlı maliyyələşdirmə və idarəetmə təcrübələrini təkmilləşdirməsinə kömək edir. KOB-ların maliyyə resurslarına çıxışını yaxşılaşdırmaq üçün IFC aktivlərə əsaslanan maliyyələşdirməni təşviq edir. Bu mexanizm kiçik müəssisələrə inventar, avadanlıq və digər hərəkətli aktivlərini girov kimi istifadə etməyə imkan verir. Xüsusilə əvvəllər kredit əldə etməkdə çətinlik çəkən şirkətlər üçün bu model böyük əhəmiyyət kəsb edir. IFC bu istiqamətdə Azərbaycan Banklar Assosiasiyasını aktivlərə əsaslanan milli maliyyələşdirmə alətinin yaradılmasını dəstəkləyir.
- IFC-nin Azərbaycanla əməkdaşlığa başladığı gündən bəri ölkəyə yatırdığı investisiyaların həcmi nə qədərdir?
- Azərbaycan 1995-ci ildə IFC-yə qoşulduğu gündən etibarən təşkilat ölkəyə 900 milyon dollara yaxın investisiya yatırıb. Bu vəsait maliyyə xidmətləri, infrastruktur və istehsalat daxil olmaqla, təxminən 60 layihəyə yönəldilib.
Bundan əlavə, IFC biznes mühitinin yaxşılaşdırılması, maliyyə sektorunun gücləndirilməsi, korporativ idarəetmə səviyyəsinin artırılması, eləcə də kiçik və orta biznesin (KOB) və aqrobiznesin inkişafına yönəlmiş məsləhətçi dəstək proqramlarını da həyata keçirir.
- Azərbaycan iqtisadiyyatını şaxələndirmək istiqamətində IFC-nin gələcək investisiya planları nədən ibarətdir? IFC hansı sektorları prioritet hesab edir?
- IFC Azərbaycanda kənd təsərrüfatı, su təhlükəsizliyi və dayanıqlı tikinti sahələrinə xüsusi diqqət yetirir və bu sahələri əsas dəstək istiqamətləri kimi görür. Kənd təsərrüfatı sektorunun regionlarda məşğulluq yaratmaq üçün böyük potensialı var. IFC hökumətlə birgə aqrar qəbzlər və anbar qəbzləri kimi innovativ maliyyələşdirmə alətlərini tətbiq edir. Bu mexanizmlər kiçik fermerlərə gələcək məhsullarını və ya saxlanılan məhsullarını girov qoyaraq dövriyyə kapitalına çıxış imkanı yaradır. Bu yanaşma fermerlərin qlobal dəyər zəncirlərinə inteqrasiyasını gücləndirir, iqtisadi artımı sürətləndirir və kənd yerlərində məşğulluğu dəstəkləyir.
- IFC su resursları problemlərinin həlli və su təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycana necə kömək edir?
- IFC Azərbaycanda artan su qıtlığı probleminin həllinə dəstək verməyə çalışır. Ölkənin sahib olduğu su hövzələri mənbələrinin 50-70 faizi qonşu dövlətlərin ərazisindədir. Lakin bu ölkələr də artan tələbat və azalan su ehtiyatları ilə qarşılaşır. Transsərhəd su mənbələrindən yüksək asılılıq, quraqlıqlar, şoranlaşma və çirklənmə su təhlükəsizliyi üçün ciddi risklər yaradır. IFC sektorun dayanıqlılığının gücləndirilməsi, su qıtlığının idarə olunması və tullantı sularının təmizlənməsi üzrə kompleks strategiyanın hazırlanmasına dəstək göstərə bilər. Biz Azərbaycanda bu məsələlərin həllinə özəl sektorun cəlb olunması təşəbbüsünü alqışlayırıq. Bakıdakı duzsuzlaşdırma qurğusunun tikintisi üzrə dövlət-özəl tərəfdaşlıq çərçivəsində keçirilən ilk tender bu istiqamətdə mühüm addımdır. Bundan əlavə, IFC duzsuzlaşdırma layihələrinin maliyyələşdirilməsi imkanlarını araşdırmaqda maraqlıdır.
- IFC Azərbaycanda yaşıl tikinti sahəsinin inkişafına necə dəstək verir?
- IFC Azərbaycanda hökumətin yaşıl tikinti sahəsindəki təşəbbüslərini aktiv şəkildə dəstəkləyir. Qlobal miqyasda tikinti sektoru (binaların tikintisi və istismarı, eləcə də sement və polad kimi tikinti materiallarının istehsalı daxil olmaqla) sənaye və enerji sahələrində CO₂ emissiyalarının 40 faizini təşkil edir. Yaşıl tikinti 2035-ci ilə qədər bu emissiyaları 23 faiz azalda və şirkətlər üçün xərclərin optimallaşdırılması hesabına maliyyə üstünlükləri təmin edə bilər. Azərbaycan da bu hədəflərə çatmaq üçün potensiala malikdir. Bu istiqamətdə son nümunələrdən biri Ələt Azad İqtisadi Zonasında yerləşən “AlatBay” logistika mərkəzidir. Bu obyekt IFC-nin EDGE innovativ yaşıl tikinti sertifikatlaşdırma sistemi əsasında layihələndirmə, tikinti və audit mərhələlərini uğurla başa vurmuş və EDGE Advanced sertifikatı əldə etmişdir. Nəticədə, mərkəz enerji istehlakını 40 faizdən çox, su istehlakını isə 25 faizdən çox azaldıb. IFC Azərbaycanda hökumətə və özəl sektora yaşıl tikinti üzrə həlləri təqdim edib və yaşıl tikinti üzrə milli yol xəritəsinin hazırlanması məqsədilə Anlaşma Memorandumu imzalayıb.
Bundan əlavə, IFC nəqliyyat, logistika və elektromobil sahələrinə investisiya imkanlarını araşdıraraq infrastrukturun dayanıqlılığının artırılmasına və qarşılıqlı əlaqələrin gücləndirilməsinə töhfə vermək niyyətindədir.
- IFC Azərbaycanda özəl sektorun inkişafını stimullaşdırmaq üçün hansı addımları atır?
- IFC Azərbaycanda özəl sektorun inkişafına məsləhət layihələrini həyata keçirməklə dəstəkləməyə davam edir. Bu prosesdə dövlət-özəl tərəfdaşlığı mühüm alət hesab olunur, çünki özəl kapital və təcrübənin cəlb edilməsi infrastruktur və digər vacib sahələrin inkişafına töhfə verir. IFC dövlət-özəl tərəfdaşlığı sahəsində hökumətlə əməkdaşlığı dərinləşdirməyi planlaşdırır və özəl sektorun, xüsusilə infrastruktur layihələrində iştirakını genişləndirmək üçün dəstək göstərir. Bu yanaşma layihələrin daha səmərəli və sürətli icrasına imkan yaradacaq, eləcə də Azərbaycanın iqtisadi artımı üçün dayanıqlı baza formalaşdıracaq.
- IFC Azərbaycanda elektron mobillik və nəqliyyat infrastrukturunun inkişafına necə dəstək verir?
- IFC elektron mobilliyinin inkişafına xüsusi diqqət yetirir, çünki nəqliyyat sektoru ölkənin ümumi enerji istehlakının 22,6 faizini təşkil edir. Bu göstəricinin azaldılması, özəl sektor tərəfindən maliyyələşdirilən elektrikli avtomobillər üçün şarj stansiyalarının infrastrukturuna investisiyalar və ictimai nəqliyyatın modernləşdirilməsi, o cümlədən avtobus parkının yenilənməsi ilə mümkündür, bu proses artıq başlayıb. IFC, həmçinin hökumətin elektrikli avtomobillər üçün vergi güzəştlərini alqışlayır. Əlavə tədbirlər, məsələn, yanacaq səmərəliliyi standartlarının artırılması, köhnəlmiş nəqliyyat vasitələrinin dəyişdirilməsi üçün stimullar və yük daşımalarının səmərəliliyinin artırılması mühüm rol oynayır. Hazırda hökumət elektron mobilliyinin inkişafı üçün normativ, siyasi və institusional çərçivələri hazırlayır və IFC özəl sektor üzrə həllər təklif edərək qiymət zənciri üzrə həm məsləhətçi, həm də investisiya dəstəyi göstərməyi hədəfləyir.
Bundan əlavə, IFC Azərbaycanda nəqliyyat, logistika və digər istehsal sahələrinə özəl investisiyaların cəlb edilməsini dəstəkləyir, onların müasirləşdirilməsi və dayanıqlı inkişafını təşviq edir.
- IFC Azərbaycanda dayanıqlı maliyyələşdirmənin inkişafına necə dəstək verir?
- IFC Azərbaycandakı maliyyə institutları ilə fəal əməkdaşlıq edir, onlara dayanıqlı maliyyələşdirmə məhsullarının hazırlanması və tətbiqində dəstək göstərir. Bu çərçivədə Azərbaycan bankları “yaşıl istiqrazlar”ın buraxılması proqramında iştirak edib, həmçinin dayanıqlı maliyyələşdirməyə dair müxtəlif tədbirlərdə yer alıblar. Bu təşəbbüslər “mavi maliyyələşdirmə”, dayanıqlı maliyyələşdirmə strategiyalarının hazırlanması, bu sektorda investisiya imkanlarının müəyyən edilməsi və yaşıl tikinti prinsiplərinin tətbiqi kimi əsas mövzuları əhatə edir.
Bundan əlavə, IFC Azərbaycan Mərkəzi Bankına “yaşıl istiqrazlar”, “yaşıl kreditləşmə” və dayanıqlı maliyyələşdirmə prinsiplərinə dair normativ qaydaların texniki təhlili sahəsində dəstək verib. Bu tədbirlər maliyyə ekosisteminin inkişafına töhfə verməklə yanaşı, dayanıqlı iqtisadi artımı və ekoloji cəhətdən təmiz layihələrə investisiyaların cəlb edilməsini təşviq edir.
- IFC Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinin inkişafına necə dəstək verir?
- IFC Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılmış tənzimləyici “qum qutusu”nu (“sandbox”) alqışlayır. Bu təşəbbüs şirkətlərə yeni rəqəmsal maliyyə məhsullarını nəzarət olunan mühitdə sınaqdan keçirməyə imkan verəcək. Bu, yeniliklərin tətbiqini stimullaşdırmaqla yanaşı, eyni zamanda risklərin idarə olunmasına şərait yaradacaq. Xüsusi sektor səviyyəsində IFC maliyyə institutlarına rəqəmsal transformasiya prosesində dəstək olmaq üçün məsləhət xidmətləri təqdim edir. Bu, qabaqcıl sahə təcrübələrinin tətbiqinə, maliyyə xidmətlərinə çıxışın genişləndirilməsinə, xüsusilə kənd və uzaq ərazilərdə yaşayan insanlar üçün onların əlçatanlığının artırılmasına kömək edir.
Bundan əlavə, IFC maliyyə institutları ilə əməkdaşlığı davam etdirərək risklərin idarə olunmasında ən yaxşı təcrübələrin tətbiqinə dəstək verəcək. Bu da daha əsaslı qərarların qəbul edilməsinə, risklərin effektiv şəkildə azaldılmasına və kredit portfellərinin möhkəmləndirilməsinə şərait yaradacaq, nəticədə maliyyə sektorunun dayanıqlı inkişafını təşviq edəcək