Bu gün iki əsas mövzu - qaz təchizatı və "yaşıl enerji" layihələrinin inkişafı müzakirə edildi. Cənub Qaz Dəhlizinin gələcəkdə genişləndirilməsi müzakirə olundu. Azərbaycanın kifayət qədər qaz ehtiyatları vardır. Hazırda müxtəlif yataqlarda işlər aparılır.
Trend xəbər verir ki, bunu bu gün Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuraları çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
"2021-ci ildən 2024-cü ilədək Azərbaycan Cənub Qaz Dəhlizi ilə ixrac olunan qaz həcmlərinin 57% artırılmasına nail olub. Bu təxminən 60%-ə yaxındır. Bu, çox böyük nailiyyətdir", - nazir əlavə edib.
Onun sözlərinə görə, eyni zamanda bu prosesin daha da sürətləndirilməsi və yeni qaz təchizatının əldə edilməsi, rəqəmlərin artırılması üçün daha çox Avropa İttifaqı ilə əməkdaşlığa ehtiyac var: "Ona görə ki, burada söhbət uzunmüddətli kontraktlardan getməlidir. Biz təbii qaz istehsal edirik. Qaz resursları, rezervləri Azərbaycanda kifayət qədər böyükdür. Bizim özümüzə uzun illər üçün bəs edəcək".