Ötən il Moldova ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 12 milyon dollar olub. Moldova əsasən Azərbaycana şərab, meyvə, quru meyvə, ət və ət məhsulları ixrac edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea deyib.
O bildirib ki, hər iki ölkənin böyük iqtisadi potensialı var və ticarət dövriyyəsinin həcmini 2 dəfə artırmaq olar.
“Moldova Azərbaycanı etibarlı ticarət tərəfdaşı hesab edir və iqtisadi əlaqələri daha da genişləndirməkdə maraqlıdır. Bu cür biznes forumların keçirilməsi hər iki tərəfin iş adamlarına və şirkətlərə daha yaxın əlaqələr qurmaq imkanı yaradır. Bu forum gələcək üçün yaxşı təməl yaradır. Bu təmələ əsaslanan biznes qurumları qarşılıqlı əlaqələri inkişaf etdirib dövlətlərə fayda verəcək”, - deyə V.Bolea vurğulayıb.
Baş nazirin müavini nəzərə çatdırıb ki, Moldova aqrar ölkədir və Azərbaycanın da kənd təsərrüfatı inkişaf mərhələsindədir: “Bu fakt bizə ixrac-idxal əməliyyatlarının həcmini artırmaq, yeni bazarlar əldə etmək və sərmayə yatırmaq üçün əsas verir”.