“Goldman Sachs”: İlin sonunadək qızılın unsiyasının qiyməti 3700 dollara yüksələ bilər

“Goldman Sachs” bankının analitikləri 2025-ci il üçün qızılın qiyməti ilə bağlı proqnozlarını artırıblar.

AZƏRTAC xəbər verir ki, qızılın qiyməti ABŞ-ın xarici ticarət rüsumları ilə bağlı qeyri-müəyyənlik fonunda tarixi maksimuma yaxınlaşır.

Aprelin 14-də səhər saatlarında “Comex” birjasında qızılın iyun fyuçerslərinin qiyməti 0,1 faiz bahalaşaraq unsiyası 3247,1 dollara yüksəlib. Bundan öncə ticarət sessiyasında qiymət 3260 dollardan yuxarı qalxaraq yeni rekorda imza atıb.

ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə yarımkeçiricilərin və dərman vasitələrinin idxalına da tariflər tətbiq edəcəyini açıqlayıb. Həftəsonu isə ABŞ mediası Ağ evin kompüter, mobil telefon və bəzi mikroçiplər də daxil olmaqla, onlarla elektronika növünə cavab rüsumlarını ləğv etdiyi barədə məlumat yayıb. Bu sahədə qeyri-müəyyənliyi artıran başqa bir xəbər isə dollarla ifadə edilən DXY indeksinin bazar ertəsi səhər saatlarında 0,7 faiz ucuzlaşması olub. Son beş sessiyada bu göstərici 3,6 faiz azalıb. Dolların dəyər itirməsi digər valyuta sahibləri üçün qızılı daha cəlbedici edib.

“Goldman Sachs” analitikləri 2025-ci ilin sonu üçün qızılın unsiyasının qiymət proqnozunu 3300 dollardan 3700 dollara qaldırıblar. Onların fikrincə, 2026-cı ilin ortalarında qızılın unsiyasının qiyməti 4 min dollara çata bilər.

Ekspertlərin sözlərinə görə, ABŞ-da tənəzzül baş versə, qızıla tələbat daha da artacaq və qiymətlər 2025-ci ilin sonunadək 3880 dollara çatacaq.