Merve Safa Kavakçı: BRAF çoxtərəfli əməkdaşlığın inkişafı üçün mühüm imkanlar yaradır

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumu (BRAF) uzun müddətdir ki, uğurla fəaliyyət göstərir və çoxtərəfli əməkdaşlığın inkişafı üçün mühüm imkanlar yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş katibinin birinci müavini Merve Safa Kavakçı aprelin 15-də Bakıda keçirilən BRAF-ın 11-ci Toplantısında çıxışı zamanı səsləndirib.

O bildirib ki, qarşıya çıxan ciddi çətinliklərə baxmayaraq, təşkilat fəaliyyətini uğurla davam etdirir və müvafiq tədbirləri həyata keçirir. Layihələrin ardıcıl şəkildə davam etdirilməsi və genişləndirilməsi daha sıx əməkdaşlığın qurulması baxımından böyük əhəmiyyət daşıyır.

“Biz artıq növbəti vacib addımları atmalıyıq. Bu isə bütün sahələrdə daha güclü əməkdaşlıq deməkdir”, - deyə Merve Safa Kavakçı vurğulayıb.