Bakıda Milli Biznes İnkişafı Forumu start götürüb.
Trend xəbər verir ki, forum "Caspian Energy Club"ın təşkilatçılığı ilə baş tutur.
Forumda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, "Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, "AzeriCard" MMC-nin baş direktor müavini Zakir Əhmədov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müavini Natiq Dadaşov, "Azərbaycan Hava Yolları" QSC-nin prezidentinin müşaviri Mircəfər Cəfərov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İstismar-kommersiya departamentinin rəisi Ruslan Qurbanov iştirak edirlər.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Cavid Qurbanov tədbirdə çıxış edərək bildirib ki, son illər Azərbaycan iqtisadiyyatında nəqliyyat sahəsinin rolu böyük dərəcədə artmış, ÜDM-dəki payı 6.5%-ə çatmışdır.
O qeyd edib ki, nəqliyyat sahəsində həyata keçirilən layihələr müasir beynəlxalq çağırışlara uyğunlaşdırılaraq ətraf mühitin qorunması, dekarbonizasiyası, innovasiya, rəqəmsallaşdırılma kimi vacib predmetləri özündə ehtiva edir.
"Ölkənin tranzit potensialının artması və Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi istiqamətində müvafiq addımlar atılır.
Son dövrlər yaranmış geosiyasi vəziyyət ölkəmizin beynəlxalq daşımalar sahəsində strateji əhəmiyyətini daha da artırmışdır. Qısa müddət ərzində Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində kəskin artım müşahidə olunur", - nazir müavini əlavə edib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı isə qeyd edib ki, "Ələt-Astara" dəmiryolu xətti 2027-ci ilədək tamamlanacağına ümid edirik.
O qeyd edib ki, Orta Dəhlizin yarısı dəyişən cərəyanla çalışır. Yaxın iki ayda dəhlizin Hacıqabul-Ucar hissəsi dəyişən cərəyana keçəcək:
""Horadiz-Ağbənd" layihəsi üzrə 75 km yol çəkilib.
Ağdam-Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanılıb. Podratçı şirkət seçilib. Yaxın zamanlarda tikinti işlərinə başlanılacaq. İki ilə layihənin tamamlanması planlaşdırılır".
O eyni zamanda qeyd edib ki, Ağdam-Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanılıb.