SOCAR Enerji Məktəbinin Türkiyədə keçirdiyi təlimin proqramı başa çatıb

SOCAR Enerji Məktəbinin Türkiyədə keçirilən doqquz həftəlik təlimin proqramı başa çatıb. Bununla bağlı təşkil olunan mərasimdə proqramı uğurla tamamlayan iştirakçılara sertifikatları təqdim edilib.

AZƏRTAC xəbər verir ki, enerji sektorunun müxtəlif sahələrini əhatə edən təlim proqramı “SOCAR Türkiyə” şirkəti və Sabancı Universitetinin idarəedicilərin təkmilləşdirilməsi bölməsinin əməkdaşlığı ilə həyata keçirilib.

Tədbirdə Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Ahmet Berat Çonkar, nazirliyin Xarici Əlaqələr Baş İdarəsinin rəhbəri Öztürk Selvitop, Sabancı Universitetinin rektoru, professor Yusuf Leblebici və “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov iştirak ediblər.

Mərasimdə edilən çıxışlarda biliyə əsaslanan inkişaf prosesinin enerji sektorundakı əhəmiyyətinə diqqət çəkilib.