Özbəkistan türk dövlətləri ilə birlikdə elmi peyk yaratmağı planlaşdırır. Bu sahədə bir sıra ölkələrlə əməkdaşlıq edirik. Burada Çin və Qazaxıstanla əməkdaşlığı xüsusi vurğulamaq istərdim. Kosmik texnologiyalar sahəsində Azərbaycanla da əməkdaşlığa şad olardıq.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistanın Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyinin Aerokosmik İnkişaf Departamentinin rəhbəri Muxiddin İbrahimov Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında deyib.
“Hazırda Özbəkistan ümumilikdə 30 ölkə ilə əməkdaşlıq edir. Ölkənin ÜDM-in 2 faizinin kosmik sahəyə yönəldilməsi istiqamətində işlər aparılır. Özbəkistan təhsilə, inklüzivliyə və kosmik sahədə kadr potensialının inkişafına çalışır. 2028-ci ildə Özbəkistanın Səmərqənd şəhərində Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi planlaşdırılır. Həmçinin Özbəkistan türk dövlətləri ilə birlikdə elmi peyk yaratmağı planlaşdırır. Peykin buraxılması 2026-cı ilin ortalarına planlaşdırılır”, - deyə Muxiddin İbrahimov əlavə edib.