Zəngilanda Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti festival Zəngilan rayonunda keçirilib.

Trend xəbər verir ki, işğaldan azad edilmiş bölgələrdə ilk dəfə keçirilən festival sakinlər və fermerlər tərəfindən böyük maraqla qarşılanıb.

Festival işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsinin inkişafına dəstək olmaq və fermerlərin müasir texnologiyalarla tanışlığı və əlçatanlığını təmin etmək məqsədilə təşkil edilib.

Festival çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində kənd təsərrüfatı məhsullarının və texnologiyalarının sərgisi təşkil olunub. Fermerlərə müasir suvarma sistemləri, innovativ texnologiyalar, məhsuldarlığı artıran məhsullar və digər yeni təkliflərlə bağlı məlumatlar təqdim edilib.

Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti dövlət qurumları və özəl müəəsisələr tərəfindən panel müzakirəsi, təlimlər və maarifləndirici sessiyalar təşkil olunub.

Ağalı kəndində təşkil olunan Aqrar Biznes Festivalı çərçivəsində Türkiyə Respublikasının “Sapmaz Havacılık və İleri Texnolojiler” şirkətinin mütəxəssisləri tərəfindən “Kənd təsərrüfatında pilotsuz uçuş aparatlarının istifadəsinə dair” nəzəri təlim keçmiş Zəngilan və Cəbrayıl rayonlarının sakinləri üçün çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini üzrə praktiki təcrübələr həyata keçirilib.

Festivalın rəsmi açılış hissəsində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Azərbaycan Respublikası Milli Məclisinin deputatları iştirak ediblər.

Rəsmi açılış hissəsinin yekununda təlimlərdə iştirak etmiş şəxslərə Türkiyə Respublikasının Mülki Aviasiya Baş İdarəsi tərəfindən təsdiqlənmiş sertifikat və dronların idareedilməsi üzrə sürücülük vəsiqələri təqdim edilib.

Festivalda kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər tərəfindən kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, müasir suvarma sistemləri, alternativ enerji mənbələri ilə çalışan texnologiyalar, gübrə və pestisidlər, iqlim dəyişikliyinə davamlı bitki sortları və digər innovativ məhsullar təqdim edilib.

Festival çərçivəsində təşkil edilən Kredit Yarmarkasında dövlətin maliyyə qurumları və aparıcı banklar tərəfindən fermerlərə sərfəli kredit məhsulları təklif edib. Bu yarmarka vasitəsilə fermerlər mövcud təsərrüfatlarına uyğun kreditlər barədə məlumatlandırılıblar.

Həmçinin festivalda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirəsi təşkil olunub. Sessiyada Şərqi Zəngəzur iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Panel müzakirəsində dövlət və özəl sektorun maliyyə qurumlarının iştirakı ilə aqrar sektora dövlət dəstəyi mexanizmləri, güzəştli kredit və subsidiyalar, aqrar sığorta imkanları, fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və digər mövzuların müzakirəsi aparılıb. Sessiya çərçivəsində fermerlərin və sahibkarların sualları cavablandırılıb, onlara mövcud və yeni maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib.

Festivalda “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində iştirak edən 10-a yaxın universitetin tələbələri iştirak edib.

Qeyd edilib ki, sözügedən layihə çərçivəsində 29 aprel tarixində Zəngilan rayonunun Ağalı kəndində “Bootcamp” təşkil edilib. “Bootcamp”da layihə çərçivəsində ölkə üzrə süni intellektin tədris olunduğu ali təhsil müəsissəsinin tələbələrinin və gənc tədqiqatçılarının və iri özəl təsərrüfat sahiblərinin iştirakı ilə məlumat sessiyaları təşkil edilib.

“Bootcamp” çərçivəsində iştirak edən tələbələr və festival çərçivəsində iştirak edən sahibkarlar, həmçinin şirkət nümayəndələri üçün Zəngilan rayonunda yerləşən bir sıra özəl təsərrüfatlara infotur təşkil edilib.