Bu gün Bakıda IV Aqrobiznesin İnkişafı Forumu start götürüb.
Trend xəbər verir ki, forumda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil Gangi açılış nitqi söyləyəcəklər.
Daha sonra Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, AQTA-nın sədr müavini Balarəhim Quliyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev, Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov Azərbaycanda Aqrobiznesin İnkişafına Baxış mövzusunda çıxış edəcəklər.
Forumda Azərbaycanın aqrobiznes sektorunda əsas tendensiyalar, çağırışlar və imkanlar, Maliyyə Təşviqləri və Aqro-Maliyyələşmə Həlləri, Aqrobiznesin İnkişafı üçün Subsidiya Mexanizmlərinin Təkmilləşdirilməsi mövzularında müzakirələrin aparılması nəzərdə tutulur.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək bildirib ki, Dövlət olaraq kənd təsərrüfatında fəaliyyət göstərən bütün subyektləri, yəni kiçik ailə təsərrüfatlarından tutmuş iri aqroparklaradək dəstəkləmək bizim strateji prioritetimizdir.
"Dövlət tərəfindən həyata keçirilən subsidiya siyasəti çərçivəsində, biz fermerlərə göstərilən dəstəyi davamlı və sistemli şəkildə icra edirik. 2023-cü ildə 387,340 fermerə 352 milyon manat, 2024-cü ildə isə 380,704 fermerə 362,5 milyon manat məbləğində subsidiyalar ödənilib. Bu, yalnız rəqəm deyil, bu, kəndin həyatına, ailələrin rifahına, məhsuldarlığın artımına verilmiş dəstəkdir.