Kopenhagendə dünyanın müxtəlif ölkələrindən liderlər və nazirlərin iştirakı ilə Braziliyada keçiriləcək COP30 müzakirələrinə istiqamət vermək məqsədilə iqlim üzrə görüş başlayıb.
Trend xəbər verir ki, görüşə Danimarkanın energetika, kommunal xidmətlər və iqlim naziri Lars Aagard sədrlik edir.
Görüşdə, həmçinin, COP30-un təyin olunmuş prezidenti, Braziliyalı səfir Andre Korrea do Lago və vəzifəsini təhvil verən COP29 rəhbəri, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak edirlər.
Görüşün açılışında vurğulanıb ki, 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 zamanı demək olar ki, 200 tərəfdaş ölkə “Bakı İqlim Həmrəyliyi Paktı” çərçivəsində mühüm nəticələr əldə edib. Bu nəticələr iqlim dəyişikliklərinə qarşı mübarizənin intensivləşdirilməsi, dayanıqlılığın gücləndirilməsi və ehtiyacı olanlar üçün maliyyə resurslarının səfərbərliyi ilə bağlı irəliləyişləri əhatə edib.
Əsas nailiyyətlər arasında İqlim Dəyişmələrinə Qarşı Maliyyə Yardımı üzrə Yeni Kollektiv Miqdar Hədəfi (NCQG), Zərər və Ziyanın Ödənilməsi Fondu və Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq karbon bazarına dair qaydaların tamamlanması yer alır. Ən önəmlisi isə odur ki, COP29 ölkələrin birlikdə fəaliyyət göstərməsi sayəsində çoxtərəfli yanaşmanın real nəticələr verə biləcəyini təsdiqlənib.
Hazırda əsas diqqət bu nəticələrin real addımlara çevrilməsinə yönəldilməlidir. İqlim böhranı qətiyyətli və sürətli qlobal tədbirlər tələb edir. COP30-un uğuru beynəlxalq ictimaiyyətin çoxtərəfli iqlim rejimini dəstəkləməyə və möhkəmləndirməyə hazırlığından asılı olacaq. Bu da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) prosesini insanların həyatına yaxınlaşdırmaq və Paris Sazişinin məqsədlərinin həyata keçirilməsini sürətləndirmək deməkdir.
COP29-un prezidenti və Azərbaycanın iqlim üzrə xüsusi nümayəndəsi Muxtar Babayev çıxışında qeyd edib ki, sürətlə dəyişən dünyada bütün ölkələr iqlim böhranı ilə üzləşirlər və bu səbəbdən də ölkələrin bu barədə açıq danışmaları, konstruktiv əməkdaşlıq etmələri və birlikdə irəliləmələri vacibdir:
“Biz bir yerdə çox şeyə nail olmuşuq. Paris Sazişindən əvvəl dünya 4°C-dən çox istiləşməyə doğru gedirdi. Hələ uzun yolumuz var, amma əldə etdiyimiz irəliləyişi inkar edə bilmərik. Biz Bakıda irəli getdik. COP29-da sübut etdik ki, dünya razılaşa və nəticə əldə edə bilər. Yeni öhdəliyə əsasən, inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar iqlim maliyyəsi ayrılacaq.
Biz, həmçinin, Paris qaydalar paketini bağladıq. Ancaq bu gün dünyada artan qeyri-müəyyənlikləri nəzərə alaraq, real vəziyyətə qarşı dürüst olmalıyıq. Qorxuya qapılmamalı və iqlim fəaliyyətini unutdurmağa imkan verməməliyik. İqlim böhranı digər problemlər həll olunana qədər gözləməyəcək. Hər bir məsələ ilə birlikdə iqlim böhranının həlli də paralel şəkildə irəliləməlidir. Əks halda, fürsətləri qaçırdığımız üçün peşman olacağıq”, - deyə Muxtar Babayev bildirib.