Əlcəzair enerji sektorunda Azərbaycanla qabaqcıl texnologiyalar və təcrübə mübadiləsini genişləndirməkdə maraqlıdır.
Trend xəbər verir ki, bu barədə Əlcəzairin Dövlət Naziri, Energetika, Mədən və Bərpa Olunan Enerji Naziri Mohamed Arkab İslam İnkişaf Bankının İllik Toplantısı çərçivəsində keçirilən “Dayanıqlı İqtisadiyyatlara Doğru: İİB-nin Üzv Ölkələrində Davamlı İnkişaf üçün Diversifikasiya Strategiyaları” mövzusunda panel müzakirəsi zamanı Trend-in sualını cavablandırarkən bildirib.
“Biz Azərbaycanla enerji sahəsində, xüsusilə də iki ölkənin enerji şirkətləri arasında əməkdaşlığın inkişafına böyük önəm veririk. Artıq Əlcəzairdə Azərbaycandan enerji tədarükünün artırılmasını və enerji infrastrukturunun inkişafını nəzərdə tutan bir sıra birgə layihələri əhatə edən saziş imzalanıb”, – deyə nazir qeyd edib.
O vurğulayıb ki, təbii qazın kəşfiyyatı, hasilatı, nəqli və emalı sahələrində əməkdaşlıqla yanaşı, yeni texnologiyaların tətbiqi və elmi tədqiqatların genişləndirilməsi də diqqət mərkəzindədir.
“Biz xüsusilə iqlim dəyişiklikləri fonunda qabaqcıl həllərin tətbiqi və təcrübə mübadiləsində maraqlıyıq. Azərbaycanla Əlcəzair arasında siyasi əlaqələr yüksək səviyyədədir və biz OPEC+ çərçivəsində də sıx əməkdaşlıq edirik. Mövcud sazişin bütün müddəalarının icrası istiqamətində texniki komitələr və hökumətlərarası komissiyalar səviyyəsində artıq işə başlanılıb”, – deyə Arkab əlavə edib.
Nazir həmçinin bildirib ki, enerji sahəsində kadr hazırlığı və mütəxəssislərin təcrübə mübadiləsi üzrə fəal əməkdaşlıq həyata keçirilir.