“Baku Energy Forum” öz işinə başlayıb

30-cu Yubiley “Baku Energy Forum” öz işinə başlayıb.

Trend xəbər verir ki, Azərbaycanla yanaşı, iştirakçı ölkələr sırasına Almaniya, ABŞ, Belçika, BƏƏ, Bolqarıstan, Böyük Britaniya, Çin, Estoniya, Finlandiya, Fransa, İsveçrə, İtaliya, Macarıstan, Hollandiya, Norveç, Pakistan, Rumıniya, Rusiya, Qvineya-Bisau, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə və Yaponiya daxildir. Bu il forumun proqramına rekord sayda məruzəçi daxildir: 74-dür.

Forum 30-cu yubiley Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Enerji və Yaşıl Enerji “Caspian Power” sərgilərinin də daxil olduğu 30-cu Bakı Enerji Həftəsi çərçivəsində keçirilir.

Qeyd edək ki, bu il Bakı Enerji Həftəsi 39 ölkədən 267 şirkətə ev sahibliyi edir. İştirakçıların coğrafiyası bütün enerji mənzərəsini əhatə edir - Avropa və Yaxın Şərqdən tutmuş Asiya və Afrikaya qədər.

Forumda ilk çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, yaxın iki il ərzində Azərbaycanda 10 günəş və külək elektrik stansiyası istismara veriləcək.

“Biz təkcə mənbə və marşrutlar üzrə deyil, eyni zamanda enerji növləri üzrə şaxələndirməyə olan yanaşmamızı genişləndiririk. Yaxın iki il ərzində “yaşıl” energetikanın ilk inkişaf mərhələsi başa çatdırılacaq: 10 günəş və külək elektrik stansiyası istismara veriləcək”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, 2025-ci ilin sonuna qədər 240MVt gücdə külək elektrik stansiyasının inşası başa çatacaq. “Bu il ümumilikdə 200 MVt gücündə daha 3 günəş stansiyasının tikintisinə başlanacaq. Həmçinin 100MVt gücündə üzən günəş stansiyası layihəsinə hazırlıqlar aparılır.

Ümumi investisiya həcmi 2,7 milyard ABŞ dolları təşkil etməklə, 2027-ci ilə qədər Azərbaycanın quraşdırılmış enerji gücündə bərpa olunan enerji mənbələrinin payı 33,7%-ə çatacaq. Bu payı 2030-cu ilə qədər 38%-ə, 2035-ci ilə qədər isə 42,5%-ə yüksəltməyi planlaşdırırıq”, - deyə nazir əlavə edib.

 

Daha sonra Pakistanın neft naziri Əli Pərviz Malik qeyd edib ki, Pakistan Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Onun sözlərinə görə, Pakistan enerji sahəsində dayanıqlı inkişafa böyük önəm verir və Azərbaycanı bu prosesdə vacib tərəfdaş kimi nəzərdən keçirir. “Biz inklüzivlik və dayanıqlı inkişaf istiqamətində irələliləmək istəyirik. Biz sənayeləşmə və bərpa olunan enerji və texnologiyaların tətbiqinə dəstək məsələsində bu keçidin davamlı inkişafını təmin etməliyik”, - deyə nazir bildirib.

O həmçinin vurğulayıb ki, Pakistan qaz infrastrukturu sahəsində, o cümlədən region ölkələrini birləşdirən boru kəmərlərinin tikintisi imkanlarını da əhatə edən birgə əməkdaşlığa hazırdır. “Azərbaycan bizə Pakistanda qaz infrastrukturu və yataqlarının inkişafında kömək edir. Ölkəmizin enerji infrastrukturu bu sahədə işləmək üçün əlverişlidir, çünki Pakistanda 120 min kilometr uzunluğunda boru kəməri şəbəkəsi mövcuddur”, – Əli Pərviz Malik bildirib.

Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları naziri Abdullahi Bidxan Varsame isə vurğulayıb ki, Somali enerji sahəsində Azərbaycanla tərəfdaşlığa böyük önəm verir.

Onun sözlərinə görə, Somali Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir və təmiz enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinə çalışır. “Enerji sektorunun keçidi ilə bağlı səylərimiz çərçivəsində Somali Azərbaycanın Energetika Nazirliyi ilə bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair qarşılıqlı Anlaşma memorandumu imzalayıb”, – deyə nazir qeyd edib.

O həmçinin vurğulayıb ki, Bakı Enerji Forumu qlobal tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformaya çevrilib. “Bu platforma bizi birgə təşəbbüslərə cəlb etməyə, enerji keçidimizi daha inklüziv və dayanıqlı etməyə kömək edir”, - deyə Varsame əlavə edib.

Xəbər yenilənəcək