30-cu Bakı Enerji Forumu davam edir.
AZƏRTAC xəbər verir ki, forum gələcəyi formalaşdıran ideyalarla tanış olmaq üçün unikal imkan yaradır. Forumun 2-ci günündə təşkilatçıların dəvəti ilə dünyaca tanınmış qlobal biznes eksperti, məruzəçi, isveçli iqtisadçı, futuroloq və beynəlxalq “bestseller” kitabların müəllifi Kyel A.Nordström 30-cu Yubiley Bakı Enerji Forumunda iştirak edəcək. Bu gün Bakı Konqres Mərkəzində tanınmış məruzəçinin xüsusi çıxışı olacaq. Müasir dövrün parlaq mütəfəkkirlərindən olan Nordström Azərbaycanda ilk dəfə olaraq qlobal iqtisadiyyatın gələcəyi, enerji bazarlarının transformasiyası və oyun qaydalarını dəyişəcək innovasiyalarla bağlı fikirlərini bölüşəcək.
Gələcəyi proqnozlaşdırmaq kimi unikal bacarığı ilə seçilən Kjell A.Nordström dünyanın ən sevilən və tələb olunan natiqlərindəndir. Transmilli təşkilatlar üzrə ekspert olan Nordström 1990-cı illərdən bəri şirkətlərin, hətta bütöv cəmiyyətlərin inkişaf və böhran dövrlərindən uğurla çıxmasına yardım edib. Onun peşəkarlığı, detallara iti baxışı və dərin təcrübəsi çıxışlarını təsirli edir və auditoriyasında demək olar heç kəsi laqeyd buraxmır.
Nordströmün Bakı Enerji Forumunda çıxış etdiyi sessiya gələcəyin iqtisadiyyatı, yeni yanaşmalar və enerji sahəsində qlobal tendensiyalara həsr olunmuş maraqlı bir diskussiya olacaq. Bu sadəcə bir çıxış deyil, eyni zamanda, artıq bu gündən fəaliyyətə ilham verən ideyalarla dolu unikal bir görüşə çevriləcək.
Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutacaq. Artıq bir neçə ildir ki, forum çərçivəsində tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” layihəsi həyata keçirilir. Bu layihənin məqsədi ekoloji cəhətdən düzgün həllərin praktiki tətbiqi, o cümlədən tədbirlər zamanı karbon izinin və tullantıların azaldılmasıdır. Ötən illərdə olduğu kimi, bu il də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük veriləcək. Beynəlxalq “Zero Food Waste” təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcək.
Forumun son günündə “COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol”, “Kjell A.Nordström ilə xüsusi sessiya beynəlxalq biznes və ultramüasir şirkətlərin gələcək ssenariləri”, “Enerjidə rəqəmsallaşma: məlumat və texnologiyanın gücü”, “Qaz bazarı – istehsalçı, nəqliyyatçı və istehlakçılar üçün yeni struktur”, “Neft və qaz kəmərləri – etibarlı infrastruktur vasitəsilə enerji təhlükəsizliyinin təmin edilməsi”, “Elektrik enerjisinin istehsalı və şəbəkə infrastrukturunun inkişafı: gələcəyin enerji təchizatı” mövzularında panel müzakirələri keçiriləcək.
Forumda, həmçinin yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər də keçirilir. Forum enerji sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək üçün unikal imkan yaradır.
Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Tədbir Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir.