Milana Bazarova: Özbəkistan ilə Azərbaycan arasında əlaqələr inkişaf edir

Özbəkistan və Azərbaycan arasında əlaqələr son illərdə nümunəvi dostluq və əməkdaşlıq səviyyəsində inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri Milana Bazarova deyib.

Onun sözləribə görə, son illərdə ölkələrimizin münasibətləri qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsinə çatıb: "Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq da keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Son 8 ildə əmtəə dövriyyəsinin həcmini 8, birgə istehsalın həcmini isə 5 dəfə artırmışıq".

O bildirib ki, hazırda qlobal qeyri-sabitlik, təchizat zəncirlərinin pozulması şəraitində iqtisadi əlaqələrin dərinləşdirilməsi ən vacib məsələdir: "Bu gün investisiya imkanlarımızın birləşdirilməsi xüsusilə aktualdır. Toplanmış birgə təcrübə əsasında biz artıq avtomobil istehsalı, toxuculuq sənayesi və ipəkçilik sahələrində klasterlər yaratmışıq. Hesab edirəm ki, bu, hələ başlanğıcdır".