100 faiz Çin kapitallı “Azerbaijan Vanhong Ceramics Co.” şirkəti Sumqayıt Kimya Sənaye Parkında keramik plitələrin istehsalına 50 milyon dollardan çox investisiya yatırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Çin (Quandonq) İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında çıxışı zamanı deyib.
“Biz öz növbəmizdə “vahid pəncərə” prinsipi əsasında fəaliyyət göstərərək qeyri-neft-qaz investisiyalarının cəlb edilməsi çərçivəsində investorlara hərtərəfli dəstək göstərərək bələdçi rolunu icra edirik. AZPROMO çalışır ki, Azərbaycanda fəaliyyət göstərməyi nəzərdən keçirən hər bir şirkət etibarlı tərəfdaşların tapılması, biznes əlaqələrinin qurulması və potensial investisiya layihələrində iştirak etməsi baxımından bizim dəstək və köməyimizdən yararlana bilsin”, - deyə Yusif Abdullayev vurğulayıb.