Azərbaycan Özbəkistanla birgə investisiya forumu keçirəcək

Azərbaycan iyunun 27-28-də Özbəkistanla iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədilə investisiya forumu keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda "Azərbaycan - Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru" panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, investisiyaların cəlb edilməsi Azərbaycanın əsas prioritetlərindən biri olaraq qalır.

Abdullayev səmərəli əməkdaşlığa görə Özbəkistanın İnvestisiya, Ticarət və İnfrastrukturun İnkişafı Nazirliyinə təşəkkürünü bildirib:

"Nazirlə hər zaman konstruktiv dialoq aparılır. Yol xəritəsi 30-dan çox birgə layihəni əhatə edir".

O, elektron ticarət və tikinti kimi sahələrdə fəal əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.

"Azərbaycan üçün işğaldan azad edilmiş ərazilərin bərpası çox vacibdir. Özbəkistanın ən fəal şirkət qruplarından biri tekstil klasterlərinin yaradılması üçün yaşayış komplekslərinin tikintisi ilə bağlı ciddi danışıqlar aparır", - Abdullayev bildirib.

Aqrar sahədə artıq konkret nəticələr var: "Pambıq klasteri layihəsi çərçivəsində 2 min hektar sahədə əkin aparmışıq və bu rəqəmi 6 min hektara çatdırmağı planlaşdırırıq. Bu mövsüm daha bir neçə hektar sahə hazırlanıb və artıq ilk məhsulu gözləyirik", - o qeyd edib.

Sənaye kooperasiyasına da xüsusi diqqət yetirilir.

"İnfrastruktur və avtomobil sənayesi sahəsində ənənəvi əməkdaşlıq davam edir. Hazırda yığma zavodu fəaliyyət göstərir, burada artıq 9 min "Chevrolet" avtomobili istehsal edilib. Bu, "Made in Azerbaijan" və "Made in Uzbekistan" brendlərini gücləndirir", - Abdullayev vurğulayıb.

Şəhərsalma sahəsində o, Bakıda yeni layihənin həyata keçirilməsi perspektivlərini qeyd edib. “İyunun 4-5-də nümayəndə heyəti “Ağ şəhər” ərazisinə səfər edib və biz əminik ki, layihə yaxın vaxtlarda həyata keçiriləcək”.

Abdullayev sonda iki ölkə arasında ticarət əlaqələrinin dinamik inkişafını qeyd edib.

“Biz ticarət missiyasının işini müzakirə etdik və onun fəaliyyətə başlamasının əməkdaşlığımıza əlavə təkan olacağını gözləyirik”, - deyə o yekunlaşdırıb.