Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı azalıb

Cari ilin yanvar-iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 573 kiberhücum indikatoru (IOC) müəyyən edib.

AZƏRTAC XRİTDX-nin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı hesabata istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz azdır.

“Kibertəhdidlərin 206-sı daxili araşdırma, 367-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə iyul ayında 69 kiberhücum müəyyən olunub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz azdır.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 314,488 milyon zərərli keçid, Mərkəzi antivirus sistemi vasitəsilə 15 milyon 846 min 700, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 62 667 zərərverici tərkibli elektron sənəd blok edilib”, - deyə hesabatda bildirilir.