Tengiz Pxaladze: Cənubi Qafqaz bütün region ölkələrini birləşdirən əməkdaşlıq məkanına çevrilə bilər

Biz unikal bir məqama yaxınlaşırıq. Belə ki, Cənubi Qafqaz bütün region ölkələrini birləşdirən əməkdaşlıq məkanına çevrilə bilər.

Bunu AZƏRTAC-a müsahibəsində gürcü diplomat, beynəlxalq münasibətlər və regional təhlükəsizlik üzrə ekspert, Beynəlxalq Siyasi İqtisadiyyat üzrə Avropa Mərkəzinin (ECIPE) baş elmi işçisi Tengiz Pxaladze deyib.

“Əgər Gürcüstan və Azərbaycanın strateji tərəfdaşlığı Ermənistan da nəzərə alınmaqla genişlənsə, bu, regionun iqtisadi və infrastruktur sahələrində imkanlarını əhəmiyyətli dərəcədə artırar. Vacib olan yalnız ikitərəfli deyil, həm də çoxtərəfli əməkdaşlıq mexanizmlərinin qurulması, böyük layihələrin həyata keçirilməsində bir-birinə dəstək göstərilməsi və inkişaf qarşısında duran maneələrin birgə dəf edilməsidir”, – deyə vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan nəqliyyat, enerji və investisiya da daxil olmaqla beynəlxalq layihələrə inteqrasiya üçün mühüm potensiala malikdirlər.

“Əsas məsələ öz imkanlarını aydın şəkildə dərk etmək, milli maraqları nəzərə alan strategiya qurmaq və bütün tərəflərlə əməkdaşlıq üçün şərait yaratmaqdır. Belə yanaşma regiona müxtəlif geosiyasi mərkəzlər arasında balans nümayiş etdirməyə və onların iştirakından iqtisadi inkişaf üçün istifadə etməyə imkan verir”, – ekspert əlavə edib.