Trend xəbər verir ki, bunu Tacikistanın xarici işlər nazirliyinin xarici iqtisadi əməkdaşlıq idarəsinin rəhbəri Mənuçöhr Cabir Bakıda keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının (“Baku Water Week” – “Bakı Su Həftəsi”) “Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq” mövzulu panel müzakirələrində çıxışı zamanı deyib.
“2018-ci ildə işə salınmış Düşənbə Su Prosesi qlobal öhdəlikləri milli və regional reallıqlarla birləşdirən inklüziv və praktiki təmayüllü platformadır. Bu proses çərçivəsində Tacikistan 2026-cı ildə Düşənbədə Su Konfransına ev sahibliyi edəcək. Bu konfransın həm 2026-cı ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək BMT-nin Su məsələlərinə dair Konfransına hazırlıq mərhələsi, həm də 2028-ci ildə Tacikistanda keçiriləcək BMT-nin Su Ehtiyatları üzrə Konfransına gedən yolda mühüm addım olacağı gözlənilir”, - deyə o bildirib.
Cabir qeyd edib ki, Tacikistan həm BMT çərçivəsində, həm də ondan kənarda qlobal su diplomatiyasını və su gündəliyini fəal şəkildə irəli sürür.