Qırğızıstan Türk İnvestisiya Fondunun Direktorlar şurasının iclasının Bişkekdə keçirilməsini təklif edib

Qırğızıstan bu il Türk İnvestisiya Fondunun Direktorlar şurasının iclasının Bişkekdə keçirilməsini təklif edir.

Trend Qırğızıstanın Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan prezident administrasiyasının rəhbəri, Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev TDT-yə üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin görüşü zamanı danışıb.

“Ümidvaram ki, bu il Bişkek şəhərində Türk İnvestisiya Fondunun Direktorlar Şurasının növbəti iclasının keçirilməsi təşəbbüsümüzü dəstəkləyəcəksiniz. İnvestisiya fondunun fəaliyyətə başlaması ilə yanaşı, iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində Ticarət-sənaye palatalarının və Ticarətə dəstək komitəsinin fəaliyyəti də böyük əhəmiyyət kəsb edir. Bu strukturlar işgüzar fəallığın artırılmasına, ticarət maneələrinin aradan qaldırılmasına və biznesin, xüsusən də kiçik və orta sahibkarlığın dəstəklənməsində mühüm potensiala malikdir”, - deyə o bildirib.