Azərbaycanda süni intellekt (AI) sahəsinin inkişafı və startap ekosisteminin gücləndirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bu layihələrinin uğurla həyata keçirilməsi üçün həm insan kapitalı, həm də müasir infrastruktur vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov “INMerge” İnnovasiya Sammitində “Məlumatlara əsaslanan qərarlar: Analitika və Süni İntellektlə Ağıllı Müəssisələrin İnkişafı” adlı sessiyada çıxışı zamanı deyib.
“Bu məqsədlə “Coursera” platformasında 12 mindən çox kurs vasitəsilə vətəndaşlara süni intellekt və digər proqramları öyrənmək imkanı yaradılıb. Eyni zamanda, yüksəksürətli internet, Data mərkəzləri və məlumat toplama sistemləri inşa edilir ki, müəssisələr süni intellekt layihələrini tətbiq edə bilsin. Bu il ölkə üçün 1,2 BFLOAP ölçüsündə superkompüter alınaraq dekabrda universitetlər, dövlət qurumları və biznes sektoruna istifadəyə veriləcək”, - deyə F.Cəfərov vurğulayıb.
F.Cəfərov bildirib ki, yalnız dövlət bu resursları ümumi istifadəyə verə bilər, çünki fərdi sərmayədarlar infrastruktur üçün milyonlarla dollar xərcləmək istəmirlər: “Süni intellekt sahəsində tənzimləmələr də diqqət mərkəzindədir. Azərbaycanda xüsusi vergi rejimləri yaradılır ki, xarici şirkətlər və startaplar ölkəyə asanlıqla gəlib, fəaliyyət göstərə bilsinlər. Yaxın gələcəkdə süni intellekt əsaslı “bir pəncərə” sistemin istifadəyə veriləcək. Bu sistem vasitəsilə xarici vətəndaşlar Azərbaycana gəlmək, işləmək, yaşamaq və ailə üzvlərinin məktəb imkanları barədə məlumat əldə edə biləcəklər”.