Zəfər Küçükşabanoğlu: Ümid edirik ki, Azərbaycan və Türkiyə süni intellekt sahəsində güclərini birləşdirəcək

Türkiyə və Azərbaycan arasında süni intellekt ekosistemində əməkdaşlığı gücləndirən Anlaşma Memorandumu imzalanıb. Bu niyyət sənədi dövlət, özəl sektor və biznes mühiti səviyyəsində mövcud olan əməkdaşlığı süni intellekt ekosisteminə, yeni səviyyədə inteqrasiya etmək məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Süni İntellekt Siyasəti Assosiasiyasının təsisçisi Zəfər Küçükşabanoğlu “INMerge” İnnovasiya Sammitində jurnalistlərə açıqlaması zamanı deyib.

“Biz dövlətlər arasındakı səmimiyyəti və iş birliyini süni intellekt sahəsində fərqli əlaqə, effektiv ünsiyyətlə möhkəmləndirmək üçün bu protokolu imzalayırıq. Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatında 15,7 trilyon dollarlıq pay sahibi olacaq. Türkiyə də, Azərbaycan da bu gəlirlərdən faydalanmaq istəyir. Süni intellekt iqlim dəyişikliyi, xarici siyasət, idman, enerji, iqtisadiyyat və həyatımızın digər bütün sahələrinə təsir edir. Ümid edirik ki, Azərbaycan və Türkiyə süni intellekt sahəsində güclərini birləşdirərək ilk 10-20 sıralarda yer alacaq”, - deyə Z. Küçükşabanoğlu vurğulayıb.