Artıq ikinci ildir ki, təşkil edilən AZHAB Forumunun məqsədi yalnız iqtisadi əlaqələrin qurulması deyil, həm də halal ticarətin mahiyyətini — dürüstlük, etibar və ədalət prinsiplərini yenidən gündəmə gətirməkdir. Bu dəyərlər olmadan nə real bazar inkişaf edə bilər, nə də sahibkarlıqda davamlı uğur mümkündür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov II Azərbaycan Halal Biznes Forumunda (AZHAB) çıxışı zamanı deyib.
Onun sözlərinə görə, halal ticarət sadəcə məhsulun və ya xidmətin tərkibi ilə deyil, insanın niyyəti və davranışı ilə ölçülür.
“Azərbaycan bu dəyərləri əsrlər boyu yaşadan, eyni zamanda, multikulturalizm yanaşmasını qoruyan və inkişaf etdirən ölkə kimi tanınır. Biz çalışırıq ki, halal prinsiplər sahibkarlarımız üçün yalnız dini və ya etik anlayış kimi yox, həm də müasir biznes modeli kimi formalaşsın. Çünki dürüst sahibkarlıq — həm müştərinin, həm tərəfdaşın, həm də cəmiyyətin etimadını qazanmağın ən güclü yoludur. Biz bu istiqamətdə halal sertifikatlaşdırma sistemlərinin təkmilləşdirilməsi, sahibkarlara təlim və məsləhət xidmətləri, eləcə də halal brendin beynəlxalq tanıdılması üzərində çalışırıq. Hazırkı AZHAB Forumu da açıq, ədalətli və etibarlı ticarət əlaqələri qurmaq, ölkəmizi halal biznesin regional mərkəzinə çevirmək kimi səylərə töhfə verir. Bu gün forumda 30-dan çox ölkədən nümayəndələrin iştirakı göstərir ki, Azərbaycan halal biznes ekosistemində regional mərkəzə çevrilməkdədir. Bu əməkdaşlıq həm də “yaşıl iqtisadiyyat”, “davamlı sahibkarlıq” və “etik ticarət” kimi yeni iqtisadi fəlsəfələrin inkişafına xidmət edir”, - deyə KOBİA sədri vurğulayıb.
O.Məmmədov qeyd edib ki, 2 gün davam edəcək forum çərçivəsində daha iki mühüm təşəbbüsün icrası ilə bağlı iclaslar da təşkil olunucaq: “Bunlardan biri “İqtisadi Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi”nin təsisi ilə bağlıdır. Bu təşəbbüs İƏT-ə üzv ölkələrin KOB-larla məşğul olan qurum və təşkilatlarını bir araya gətirərək bu sahədə qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsinə öz töhfəsini verəcək. Digər iclas isə ötən il ölkəmizdə keçirilmiş COP29 çərçivəsində KOBİA tərəfindən irəli sürülən “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin icrası ilə bağlı ilkin fəaliyyət planının müzakirəsinə həsr olunacaq. AZHAB Forumu ölkəmizin iqtisadi inkişafı üçün qlobal halal sənayenin potensialından faydalanmaq imkanı yaradır. Dünyada halal iqtisadiyyat 3 trilyon dollara yaxın bazarı əhatə edir. Amma halal dəyərin əsası rəqəmlərdə deyil, etimadda özünü göstərir. Halal ticarət vicdanlı sahibkarlığın yeni mərhələsidir. Əgər biz iqtisadi münasibətlərimizdə vicdanı, ədaləti və şəffaflığı qorusaq, qazancımız da, cəmiyyətimiz də halal olar. Gəlin bir yerdə elə bir sahibkarlıq mühiti yaradaq ki, orada halallıq sadəcə etiketdə yox, davranışda və niyyətdə əks olunsun. Halal ticarət – halal gələcək deməkdir”.