Azərbaycanın kibertəhlükəsizlik sahəsində artan potensialı diqqətəlayiqdir. Ölkədə keçirilən beynəlxalq tədbirlər bu istiqamətdə atılan vacib addımların göstəricisidir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Bakı Konqres Mərkəzində keçirilən “Critical Infrastructure Defence Challenge 2025" (CIDC 2025) sərgisinin iştirakçısı, "KoçSistem-Azərbaycan" şirkətinin texnoloji həllər qrupu rəhbəri Serdar Aydın deyib.
“Biz “KoçSistem-Azərbaycan” olaraq bu il ilk dəfə belə bir tədbirdə iştirak edirik. Azərbaycan kibertəhlükəsizlikdə səviyyəsini artırmaq üçün mühüm addımlar atır. Təxminən 10-12 ildir Azərbaycandayıq və bu dəyişikliklərə, inkişafa az da olsa töhfə vermək bizim üçün qürurvericidir”, - deyə S.Aydın qeyd edib.
Şirkət rəsmisi vurğulayıb ki, süni intellekt həm kiberhücumlarda, həm də müdafiə sistemlərində yeni yanaşmalar formalaşdırır. “Süni intellektin kibertəhlükəsizlik sahəsində tətbiqi son illərdə əhəmiyyətli dərəcədə artıb. Biz "KoçSistem-Azərbaycan" olaraq Türkiyənin və regionun ilk SOC (Security Operations Center) mərkəzini quran şirkətik. Hazırda Azərbaycanın dəyərli müştərilərinə də bu istiqamətdə xidmət göstəririk və təcrübəmizi ölkənin inkişafına yönəltməyə çalışırıq”.
Serdar Aydın bildirib ki, süni intellektin inkişafı ilə kibertəhlükəsizlik yanaşmaları da dəyişir: “Həm “qırmızı yaxalı”, həm də “ağ yaxalı” hakerlər yeni hücum üsulları tətbiq edirlər. Biz isə süni intellektin imkanlarından istifadə edərək müdafiə sistemlərini daha çevik və effektiv etmək üzərində işləyirik. Məqsədimiz həm Azərbaycanda, həm Türkiyədə, həm də bütövlükdə regionda daha dayanıqlı təhlükəsizlik infrastrukturu qurmaqdır.”
Serdar Aydının sözlərinə görə, Azərbaycan bu sahədə mühüm mərhələdədir: “Bu tədbir hökumətin kibertəhlükəsizliyə nə qədər ciddi yanaşdığını göstərir. Ən vacib məsələ insan resurslarının inkişafıdır. Gənc mütəxəssislər çox həvəsli və bacarıqlıdırlar. Onların yetişdirilməsi ölkənin təhlükəsizlik səviyyəsini birbaşa yüksəldəcək”.
Sonda S.Aydın qeyd edib ki, süni intellekt texnologiyalarına yatırımların artması ilə Azərbaycan yaxın illərdə regional kibertəhlükəsizlik mərkəzinə çevrilə bilər: “Bu gün atılan addımlar gələcəkdə öz bəhrəsini verəcək. Mən əminəm ki, Azərbaycan yaxın zamanda regionun kibertəhlükəsizlik mərkəzi, bir növ təhlükəsizlik bazası olacaq”.