“CIDC 2025” sərgisinin iştrakçısı: Qlobal təcrübə ilə yerli əməkdaşlıqların sintezi kibertəhlükəsizliyə yeni baxış gətirir

Bizim şirkət son illərdə regionda, xüsusilə Azərbaycanda dövlət və özəl sektorlarla əməkdaşlıq çərçivəsində kibertəhlükəsizlik sahəsində bir sıra uğurlu layihələr həyata keçirib.

Bu barədə AZƏRTAC-a müsahibəsində Bakı Konqress Mərkəzində keçirilən “Critical Infrastructure Defence Challenge 2025" (CIDC 2025) sərgisinin iştrakçısı, “Crowdstrike” şirkətinin Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Sübhan Şərifov deyib.

“Biz “Crowdstrike” şirkəti olaraq bir neçə ildir Azərbaycanda və bütövlükdə Qafqaz və Orta Asiya regionunda fəaliyyət göstəririk. Məqsədimiz burada fəaliyyət göstərən şirkətlərin və qurumların inkişafına töhfə vermək, onların kibertəhlükəsizlik səviyyəsini yüksəltməkdir. Həm dövlət, həm də özəl sektorla əməkdaşlıq çərçivəsində onların informasiya təhlükəsizliyinin təmin olunmasına dəstək veririk”, – deyə S.Şərifov vurğulayıb.

S.Şərifov qeyd edib ki, belə beynəlxalq tədbirlərdə iştirak şirkət üçün mühüm əhəmiyyət daşıyır: “Bu tədbirlər yerli və qlobal təcrübələrin birləşməsi, yeni ideyaların və yanaşmaların formalaşması üçün mükəmməl platformadır. Burada həm kiber simulyasiyalar aparılır, həm də iştirakçılar arasında bilik və təcrübə mübadiləsi həyata keçirilir.”

Onun sözlərinə görə, şirkət təkcə praktiki deyil, həm də akademik sahədə aktiv fəaliyyət göstərir: “Akademiyamız vasitəsilə təhsil ocaqları və digər təşkilatlarla əməkdaşlıq edirik. Tələbələrin və mütəxəssislərin ən yüksək səviyyəli sertifikatlara yiyələnməsi üçün dəstək göstəririk.”

Sübhan Şərifov süni intellektin kibertəhlükəsizlik sahəsindəki roluna da toxunub: “Süni intellekt artıq həyatımızın bir parçasına çevrilib. Bu, həm imkanlar, həm də risklər yaradır. Bizim vəzifəmiz bu texnologiyanı təhlükəsiz və effektiv şəkildə idarə etməkdir. Şirkətimiz daha qabaqcıl neyron şəbəkələrinə əsaslanan “Şarlot” adlı süni intellekt sistemindən istifadə edir. Bu sistem kibertəhdidlərə daha operativ və proaktiv reaksiya verməyə imkan yaradır”.

O əlavə edib ki, “Crowdstrike” şirkəti kiberkəşfiyyat sahəsində də fəaliyyət göstərir və regiondakı müxtəlif qrupların hərəkətlərini izləyərək, mümkün təhdidlərin qarşısının alınmasına yönəlmiş proqnozlar hazırlayır.

“Bizim məqsədimiz yalnız reaktiv müdafiə deyil, təhdidlərin qarşısını öncədən almaqdır. Bunun üçün kiberkəşfiyyat, süni intellekt və analitik texnologiyaların sintezindən istifadə edirik”, – deyə Şərifov bildirib.