Qazaxıstan və Azərbaycan logistika sahəsindən tutmuş “yaşıl” enerjiyədək möhkəm tərəfdaşlıq formalaşdırır – Astanadan rəy

Qazaxıstan və Azərbaycan logistika, investisiya və “yaşıl” enerji sahələrində yüksək səviyyəli dialoq və əməkdaşlıq vasitəsilə tərəfdaşlığı möhkəmləndirməkdə davam edir.

Bu barədə Trend-ə beynəlxalq münasibətlər üzrə Qazaxıstandan olan ekspert Tahir Niqmanov məlumat verib.

O qeyd edib ki, dövlət başçıları mütəmadi yüksək səviyyəli dialoqu dəstəkləyirlər.

"Həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq da müsbət dinamika nümayiş etdirir - hər il, adətən payızda rəsmi sammit keçirilir, yaz və ya yay aylarında isə qeyri-rəsmi görüşlər baş tutur. Prezidentlər bu tədbirlər çərçivəsində, eləcə də ikitərəfli səfərlər, telefon danışıqları və MDB daxil olmaqla digər platformalarda da mütəmadi olaraq ünsiyyət qururlar”,- deyə Niqmanov bildirib.

T.Niqmanov bildirib ki, Qazaxıstan Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllini və sülh bəyannaməsinin imzalanmasını dəstəkləyir. Mühüm amillərdən biri də Qazaxıstanın sülh prosesinə öz töhfəsini verməsidir.

“Xüsusilə 2024-cü ildə Almatıda sülh sazişinə hazırlıq çərçivəsində xarici işlər nazirlərinin görüşü baş tutdu. Ümumilikdə, mən bu prosesi çox müsbət dinamika kimi səciyyələndirərdim”, - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıqda əsas nailiyyətləri bir neçə istiqamətdə qeyd etmək olar.

“Birincisi, Qazaxıstan, Azərbaycan və Özbəkistanın iştirakı ilə ‘yaşıl’ enerjinin inkişafına dair üçtərəfli sazişdir. Son iki il ərzində banklar və investisiya fondları arasında bir sıra müqavilələr imzalanıb, xüsusilə ‘Samruk-Kazına’ ilə Azərbaycan İnvestisiya Holdinqi arasında strateji tərəfdaşlıq haqqında saziş bağlanıb. İqtisadi və investisiya sahələrində fəal danışıqlar və yeni razılaşmalar davam edir. Ayrıca onu da qeyd etmək lazımdır ki, Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit həcminin mərhələli şəkildə artırılmasına dair saziş imzalanıb, bu razılaşmada Qazaxıstanın ‘KazMunayQaz’ şirkəti və Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR iştirak edib”, – deyə Niqmanov bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərin müsbət dinamikası konkret iqtisadi məzmunla daha da zənginləşir.

“Orta Dəhlizə gəlincə, Qazaxıstan öz logistika axınlarını şaxələndirməyə çalışır. Neftdən danışsaq, Qazaxıstan neftinin 90 faizdən çoxu Rusiya ərazisindən keçən Xəzər boru kəməri konsorsiumu vasitəsilə nəql olunur və daha sonra Novorossiysk limanında yüklənərək göndərilir. Lakin geosiyasi və iqtisadi qeyri-sabitlik artır, həmçinin Rusiyaya qarşı sanksiya təzyiqi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır”, – deyə ekspert qeyd edib.

Niqmanov əlavə edib ki, təbii fəlakətlər – fırtınalar və digər fors-major hallar səbəbindən neftin daşınmasının dayandırıldığı hallar da olub. Bu səbəbdən Qazaxıstan birtərəfli asılılığını azaltmaq və alternativ nəqliyyat marşrutlarını inkişaf etdirməkdə maraqlıdır.