Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında yaxşı əməkdaşlıq əlaqələri qurulub. Dövlət təminatı ilə özəl və dövlət qurumlarına kreditlər ayrılaraq dekarbonizasiya layihələrinin icrasına nəzarət edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri III Azərbaycan Milli Şəhərsalma Forumun çərçivəsində “Texnologiya və innovasiyalardan istifadə: Gələcəyin şəhərləri” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı AYİB bölmə direktoru Tea Melikadze deyib.
Onun sözlərinə görə, Gəncədə tullantı sularının təmizlənməsi və küçələrin işıqlandırılması ilə bağlı bir sıra layihələr uğurla həyata keçirilib.
“Bunlar əhali üçün çox faydalı layihələr idi, ona görə də bank bu layihələrə maliyyə dəstəyini əsirgəmədi. AYİB “yaşıl şəhər” proqramı çərçivəsində 5 milyondan başlayaraq 500 milyon dollara kimi korporativ kreditlər ayırır. Bank, həmçinin karbonsuzlaşdırma ilə bağlı layihələri maliyyələşdirir və təşviq edir. “Yaşıl infrastruktur”ların inkişafı ilə əlaqədar AYİB Azərbaycan ilə əməkdaşlığı davam etdirə bilər”, - deyə T. Melikadze nəzərə çatdırıb.