Türkiyə sığorta bazarı üzrə yığımlar 30 milyard dollara çatacaq - Özgür Obalı

Türkiyə sığorta bazarına nəzər saldıqda görürük ki, bu bazar kifayət qədər sabit və davamlı bir şəkildə böyüməyə davam edir. Hazırda sektorda 68 sığorta şirkəti fəaliyyət göstərir. Bir neçə il əvvəl bu rəqəm 70-dən çox idi, lakin son dövrlərdə bazarda konsolidasiya meyilləri müşahidə olunur.

Trend xəbər verir ki, bunu bu gün Türkiyə Sığorta Assosiasiyasının baş katibi Özgür Obalı Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025"də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Türkiyədə təxminən 34 milyon aktiv sığortalı şəxs var: "Bu da sığortalanma potensialı olan əhalinin təxminən yarısına bərabərdir. Aktiv olmayan (yəni passiv) sığortalılar da daxil edildikdə, bu rəqəm 45 milyona qədər yüksəlir.

Son 4 il ərzində ümumi sığorta haqları (primlər) ikiqat artaraq 2021-ci ildəki 14,4 milyard ABŞ dollarından 2025-ci ilin sonunda 30 milyard dollara çatması gözlənilir. 2024-cü ilin sentyabr ayı etibarilə primlərdə illik təxminən 30% artım müşahidə olunub və bu məbləğ 22,1 milyard dollara yüksəlib. Ümumi aktivlərin dəyəri 77,5 milyard dolları, təmin edilən ümumi zəmanət məbləği isə təxminən 22 trilyon dolları keçib. Bu göstərici ölkənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 22 qatına bərabərdir.

 

Sığorta necə ki, insan üçün nəfəs qədər vacibdirsə, eyni şəkildə Türkiyə iqtisadi ekosisteminin davamlılığı üçün də həyati əhəmiyyət daşıyır".

Ö. Obalı vurğulayıb ki, sığorta sektoru məşğulluq baxımından da əhəmiyyətli rol oynayır: "Hazırda sektorda 27 500-dən çox şəxs birbaşa şəkildə çalışır. Bundan əlavə, brokerlər, agentliklər, şirkət əməkdaşları, xəstəxanalar, təmirxanalar və digər tərəfdaşlarla birlikdə bu ekosistem ümumilikdə təxminən 350 min nəfəri əhatə edir. Bu dinamik inkişaf Türkiyəni bölgə miqyasında cəlbedici bir sığorta mərkəzinə çevirib.

Branşlara (yəni sığorta növlərinə) görə bölgüyə baxdıqda, Türkiyə sığorta bazarının nisbətən balanslı bir struktur göstərdiyini görmək olar. Hələ də kasko və icbari avtomobil sığortası (MTPL və MOD) bazarda böyük paya malikdir, yəni ümumi portfelin təxminən yarısını təşkil edir. Lakin bu pay tədricən azalır ki, bu da müsbət tendensiya hesab olunur. Xüsusilə sağlamlıq sığortası son illərdə rekord səviyyədə artım nümayiş etdirərək bazarda əhəmiyyətli pay qazanıb. Bu da sığorta sektorunun gələcəyi ilə bağlı ümidləri artırır".

"Sığortanın satış kanallarına baxdıqda isə, xüsusilə həyat sığortası xaricindəki sahələrdə hələ də agentliklərin dominant rolu qalmaqdadır. Ümumi primlərin yarıdan çoxu hələ də agentlər vasitəsilə, yəni klassik metodlarla toplanmağa davam edir", - deyə Ö. Obalı vurğulayıb.