Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının (WTDC-25) möhtəşəm şəkildə təşkil edilməsi Azərbaycanın müasir çağırışlara, internetin əlçatanlığına yaratdığı şəraitin yüksək səviyyədə olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının (WTDC-25) açılış mərasimindəki çıxışında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi xanım Dorin Boqdan-Martin deyib.
O bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı iqtisadi artıma müsbət təsir göstərir. Bu, insanların da həyat səviyyəsini yüksəldir. Həmçinin vurğulayıb ki, dünyada bu sahədə problemlərin olmasına baxmayaraq, telekommunikasiyanın inkişafı təmin edilir.
“Azərbaycan İKT-nin inkişafı, bu sahədə müasir çağırışlara cavab vermək üçün addımlar atır. İKT-nin inkişafı hər bir dövlətin və cəmiyyətin inkişafına təkan verən amildir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının (WTDC-25) açılış mərasimi keçirilir. Konfrans “İnklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” mövzusuna həsr olunub.