Kibertəhlükəsizlik beynəlxalq əməkdaşlıq tələb edən bir sahədir və Hindistan bu istiqamətdə mühüm addımlar atır. Biz Azərbaycanın bu prosesdə etibarlı tərəfdaş olduğunu görürük.
Bu barədə AZƏRTAC-a müsahibəsində Hindistanın kənd təsərrüfatı inkişafı və kommunikasiya üzrə dövlət naziri, Hindistan parlamentinin üzvü Çandra Sekhar Pemmasani deyib.
Nazir Azərbaycanın qonaqpərvərliyini xüsusi vurğulayaraq deyib: “Bakının gözəlliyi və göstərilən yüksəksəviyyəli qonaqpərvərlik üçün təşəkkür edirəm. Bu tədbir inklüzivlik, əlçatanlıq və davamlılıq prinsipləri üzərində qurulub. Hindistan bu istiqamətlərdə son iki ildə böyük irəliləyiş əldə edib və biz bu təcrübəni dünya ilə bölüşməyə hazırıq”.
Çandra Sekhar Pemmasani, həmçinin kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edərək Hindistanın bu sahədə də fəal fəaliyyət göstərdiyini bildirib. Azərbaycanın bu prosesdə etibarlı tərəfdaş olduğunu vurğulayan nazir deyib: “Hindistan ümumilikdə sülhsevər ölkədir. Biz bütün ölkələrlə dostluq münasibətləri qurmağa çalışırıq. Bizim əsas prinsipimiz “Vasudhaiva Kutumbakam”dır – “Dünya bir ailədir”. Biz bu fəlsəfə ilə çalışırıq və əməkdaşlıq etmək istəyən hər bir ölkə ilə təcrübə paylaşmağa hazırıq”.
Nazir əlavə edib ki, WTDC-2025 qlobal səviyyədə kibertəhlükəsizlik və rəqəmsal inkişafın təşviqi üçün mühüm platformadır və bu istiqamətdə Azərbaycanın ev sahibliyi xüsusi əhəmiyyət daşıyır.