Honkonq ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə edilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Honkonq Ticarətin İnkişafı Şurasının Avropa, Mərkəzi Asiya və İsrail üzrə regional direktoru Kris Lo ilə görüş keçirilib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı agentliyin icraçı direktorunun müavini Tural Hacılı qurumun fəaliyyət istiqamətləri, ixracın və investisiyaların təşviqi mexanizmləri, eləcə də “Made in Azerbaijan” brendinin tanıdılması məqsədilə həyata keçirilən ixracın stimullaşdırılması tədbirləri barədə məlumat verib.

Sonra Kris Lo təmsil etdiyi qurumun fəaliyyəti, qarşılıqlı ticarət və investisiya platforması kimi rolu və beynəlxalq biznes əlaqələrinin qurulmasında strateji mövqeyi barədə danışıb, ticarət sahəsində tərəfdaşlığın gücləndirilməsi üçün Azərbaycanı Honkonqda keçiriləcək beynəlxalq sərgilərdə iştirak etməyə dəvət edib, qarşılıqlı investisiya missiyalarının təşkili və birgə tədbirlərin keçirilməsi təklifini irəli sürüb.

Görüşdə, həmçinin metallurgiya, məlumatların tədqiqatı, şərabçılıq, qida sənayesi, texnologiya, logistika və istehsalat kimi sahələr üzrə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.